Rusiyanın yeni nəsil  Su-57 qırıcı təyyarəsi qəzaya uğrayıb

Rusiyaya məxsus  Su-57 qırıcı təyyarələrindən biri dünən Uzaq Şərqdə qəzaya uğrayıb. Rusiya xəbər agentlikləri bunun ölkənin ən qabaqcıl döyüş təyyarəsi ilə əlaqəli ilk qəza olduğunu bildirir.

Hadisə Xabarovsk vilayətində  təlim uçuşu zamanı baş verib. Təyyarəni idarə edən pilotun təhlükəsiz  şəkildə təyyarəni tərk etdiyi bildirilir.

Qəzanın təyyarənin idarəetmə sistemində baş vermiş nasazlıq səbəbindən baş verdiyi ehtimal ounur. Bunu araşdırmaq üçün komissiya yaradılacaq.

Maraqlıdır ki, qəzaya uğramış təyyarənin pilotu Aleksey Qorşkov 2012-ci ildə Su-30 təyyarəsində də qəzaya uğrayıb.

Qəzaya uğramış təyyarənin ilk  kütləvi istehsal nümunələrindən olduğu deyilir. Onun yaxın günlərdə Rusiya hərbi hava qüvvələrinə təhvil verilməsi gözlənilirdi.

Qeyd edək ki, Rusiya  Su-57 təyyarəsini Suriyada da sınaqdan keçirib.

Xatırladaq ki, ABŞ-ın F-22  təyyarəsinə rəqib olaraq hazırlanan Su-57-nin prototipi ilk dəfə 2010-cu ilin yanvarında sınaqdan çıxarılıb. Təyyarə keçən il may ayında Moskva səmasında hərbi nümayiş zamanı təqdim olunub.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir