Səudiyyə Ərəbistanı erkən nikahları qadağan edib

 Səudiyyə Ərəbistanı erkən nikahları qadağan edib

Səudiyyə Ərəbistanı hökuməti uzun illər davam edən müzakirələrdən sonra erkən nikahları qadağan edib.

RİA “Novosti” xəbər verir ki, bu barədə “Saudi Gazette” nəşri məlumat yayıb.

Qeyd olunub ki, ölkə vətəndaşları üçün evlənmək üçün qanuni yaş həddi 18 müəyyən edilib. Artıq yeni qanun Ədliyyə naziri Valid əl-Samaani tərəfindən bütün yerli məhkəmələrə göndərilib.

Bundan sonra 18 yaşı tamam olmayan şəxslərin evlənmək istəyinə xüsusi məhkəmələr baxacaq və onların icazəsi olmadan nikah baş tutmayacaq. Məhkəmələr isə izdivacın evlənmək istəyənlərin gələcəyinə mənfi təsir edib-etməyəcəyini nəzərdən keçirdikdən sonra qərar verəcəklər.

Yeni qanun, cari ilin yanvar ayında 15 yaşına çatmamış ölkə vətəndaşlarının evlənməsinə qoyulan qadağanın davamıdır. Bundan əvvəl Səudiyyə Ərəbistanının qanunvericiliyində evlilik üçün minimum yaş həddi müəyyən edilməmişdi.

2017-ci ildə 15 yaşına çatmamış qızların evlənməsinin qadağan edilməsi ilə bağlı Səudiyyə parlamentinin bir neçə nümayəndəsi Ədliyyə Nazirliyinə məktub göndərmişdi.

Dünya İqtisadi Forumuna görə, dünyanın 117 ölkəsi uşaqların müəyyən şərtlərlə evlənməsinə icazə verir və ya qanunla nikah yaşını təyin etməyib. UNICEF-in məlumatına görə, dünyada hər gün 39 min uşaq ailə həyatı qurur.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir