Yeniliyə yolçuluq: Türkiyə ilk milli avtomobil modelini dünyaya tanıtdı

Türkiyədə yerli imkanlarla yaradılmış və kütləvi  istehsalına hazırlaşılan avtomobil markası və onun ilk modeli  təntənəli mərasimlə ictimaiyyətə təqdim olunub.

Avtomobil  CİP  tiplidir. Önəmli özəlliyi tamamilə elektrikli olmasıdır.

Kocaeli Gebzedək Texnologiya Vadisində   keçirilən təntənəli mərasimdən sonra milli avtomobil dünyaya  prezident R.T.Ərdoğanın iştirakı ilə təqdim edilib.  Avtomobilin ilk iki prototipi Türkyə bayrağının rənglərində – biri qırmızı, digəri ağ rəngdə hazırlanıb.

Ekspertlər ideyanın ərsəyə gətirilməsinin uzun müddət sürməsini  milli avtomobil sənayesi kompleksinin qurulması üçün  kompüter (istehsal) proqramlarının yazılmasının çox vaxt aparması ilə izah ediblər.

Türkiyə texniki və mühəndis heyəti baxımından, eləcə də şaxəli istehsal sektoru ilə böyük sənaye bazasına sahib olsa da, istehsalın təşkili üçün tamamilə yeni istehsalat proqramlarına ehtiyac var idi. Bütün bunlar həyata keçirilib. Türkiyə sadəcə detallarla avtomobil yığmaqla məşğul olmayacaq – ən xırda detalından son halınadək tamamilə yerli zəka və istehsal məhsulları ilə müasir avtomobil buraxacaq.

Avtomobilin elektrikli olması  türkiyəlilər üçün çox önəmlidir. Yanacağın baha olduğu ölkə üçün bu yeni nəsil elektrikli avtomobilin populyarlıq qazanacağı gözlənilir.

Avtomobil müasir analoqları ilə rəqabət qabiliyyətli olacaq: bütün modellər modern texnologiyalı, kompüter sistemli, eyni zamanda komfortu və təhlükəsizlik göstəricilərinin  yüksək olması ilə səciyyəlidir.

Yerli elektrikli avtomobil istehsalı kompleksi  Bursada qurulacaq və layihəyə  əsaslı dövlət yardımı veriləcək.

Türkiyənin “Avtomobil Təşəbbüs  Qrupu Sənaye və Ticarət A.Ş.” müəssisəsinin ümumi sabit investisiya məbləği 22 milyard lirə təşkil edəcək.

İnvestisiya müddəti  2019-cu ildən başlayaraq, 13 il olaraq müəyyənləşdirilib.

Yerli avtomobil istehsalı müəssisəsində 4 min 323 nəfər işlə təmin ediləcək və bu şəxslərdən 300 nəfəri ixtisaslı kadr olacaq.

Elektrikli avtomobillərin istehsalı (5 modeldə) ildə 175 min ədəd nəzərdə tutulub.  Avtomobil zavodu gələn il açılacaq, kütləvi istehsala da bundan 1 il sonra başlanılacaq.

P.S Türkiyənin ilk avtomobil markasının adı hələ müəyyənləşdirilməyib.


Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir