Eldar Sabiroğlundan Rauf Arifoğluna: “Tarix üçün nə ruhlar, nə də yaddaşlar ölmür”…

Keçmiş YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu “facebook” sosial şəbəkə səhifəsi üzərindən «Yeni Müsavat» Media Qrupunun rəhbəri, parlamentə seçki kampaniyasına yenicə start vermiş  namizəd  Rauf Arifoğluna açıq  məktubla müraciət edib.

Müraciəti olduğu kimi oxucularımızın diqqətinə təqdim edirik:

Gözlənilməz üzrxahlıq!!! Ola bilsin bəziləri düzgün anlamasın məni. Lakin daxilimdəki narahatlıq hissi hakimiyyətin hesablaşdığı və yüksək dəyər verdiyi hərtərəfli məşhur jurnalist Rauf Arifoğludan məni bağışlamasını xahiş etməyə məcbur elədi. Təşəbbüsümü özü necə qarşılayacaq, qəbul edəcək, ya ümumiyyətlə, yaxına buraxmayacaq, bu, artıq onluqdur. Mən barışmaq istərdim…

Rauf bəy, sizi sərasər tənqid edənlərdən biriyəm. Sizin də YAP-da ən çox nifrət etdiyiniz adamların siyahısında yəqin 3-4-cü sıralarda yer alan adamlardan biri də mən olmuşam. Ağlınız nəyi kəsibsə, onu da tirajlamısınız. Axırda sizin və qardaşınızın orduya xidmətdən yayınmağınız barədə sənədi mətbuata çıxardandan sonra müəyyən sakitlik yarandı.

Hətta sizi qurşaqdan aşağı vurmaq barədə təklif də aldım. Özünüz bilərsiniz hansı xanımdan söhbət gedir. Birmənalı rədd etdim, çünki bu kişilikdən deyildi.

İkimiz də səhv etmişik, bir-birimizlə dil tapa bilərdik. Bəli, ziyanın daha çox mənə dəydiyini hüzurunuzda etiraf edirəm. Müxalifətdə olmanıza baxmayaraq, hökumətlə sıx əlaqələrinizdən yararlanmaq imkanını əldən buraxdığıma görə peşmanam.

Bizim aramızda şəxsi ədavətə söykənən problem olmayıb. Heydər Əliyevi aşağılayıcı təhqirlərə məruz qoyanda dözümsüzlük edib, mən də sizi təhqirlərin hədəfinə alırdım. Bircə qüsurunuz var, o da sərhəd tanımayan yekəxanalığınızdır.

Heydər Əliyev Klivlenddə ölüm ayağında olanda onun barəsində nalayiq sözlərinizdən o dərəcədə acıqlı olurdum ki, həmin anda qarşıma çıxsaydınız, alnınıza atəş açıb sizi qətlə yetirməkdən geri durmazdım. Lakin hakimiyyətin sonralar sizə göstərdiyi doğma münasibətdən anladım ki, bu bir oyunmuş. Hər iki cəbhədə işləyib, uğur qazanmaq səadəti olduqca mürəkkəb və çətin məsələdir. Bu xoşbəxtlik həm müxalifət, həm də iqtidar nümayəndəsi kimi yalnız sizə nəsib olmuşdur. Sizdən başqa bu ikiqat vəzifənin öhdəsindən gələn olmazdı.

Sən demə, əsl həyat mənim kimi düşünənlərin yox, Azərbaycan üçün nümunə sayılacaq Rauf Arifoğlu və hakimiyyət sövdələşməsinə misilsiz töhfələr verən digərlərinin çiyinləri üstündə oturubmuş. Hakimiyyətin tədris etdiyi tarixi dərslərdən nəticə çıxara bilməməyim yalnız öz korafəhmliyimə bağlı bir işdir. Lakin bu ikiüzlü siyasətin öhdəsindən nə o zaman, nə də indi gələ bilərdim. Görürəm hansı ucalıqda dayanmısınız! Siz söyüşlə qalxdınız, mənsə ürəyimi hakimiyyətin yolunda qoysam belə, kiçik təpənin sahibi ola bilmədim.

Prezidentin döşünüzə medal taxması və sizin də onun qarşısında farağat dayanmanız səmimi əməkdaşlığınızın üzərindəki pərdəni götürdü.

Hökumətə yaxınlığınızın illər sonra tərəfinizdən açıq etirafı da mənim üçün ciddi tarixi bir dərs oldu. Sizinlə eyni gündə bəzi qələm sahibləri də şəxsən dövlət başçısı tərəfindən təltif olundular. Ancaq bu münasibətlə hakimiyyətin iki önəmli şəxsi tərəfindən rəsmi məktubla yalnız siz təbrik edildiniz. Bu, dərin hörmət hakimiyyətin üst qatında əhəmiyyətli yerə sahib olduğunuzla yanaşı, həm də yüksək etibarın və etimadın göstəricisi kimi böyük hadisə idi. Əlçatmaz uğurlarınızla gözlərimi açdınız. Və sonra hər şeyi asta-asta anlamağa başladım. Buna görə sizə və quruculuğunda böyük xidmətləriniz olan mövcud hökumətimizə təşəkkürlərimi ifadə etməkdən özümü bəxtiyar hesab edərdim.

Rauf bəy, deputatlığa namizəd kimi sizə böyük dəstək veriləcəyinə əminəm. Çünki siz xidmətləriniz müqabilində bu hörmət-izzəti qazanmısınız. Bir-birinizi də çox gözəl tamamlayırsınız. Yeganə xahişim budur ki, adətən, Milli Məclisin birinci iclasından əvvəl deputatlar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edirlər. Bu, bir şansdır. H.Əliyevin ünvanına coxlu söyüş və təhqirlər yağdırmısınız. Abidəsi önündə pıçıltı ilə də olsa üzr diləyib, günahlarınızı yuya bilərsiniz. Şəhidlər Xiyabanında vətən uğrunda canını fəda edənlərdən də mütləq hallalığınızı istəyin.

Zənn etməyin ki, bir evdən iki qardaşın müharibədən yayınmasını şəhidlərimiz yaddaşlarından silib atıblar! Rauf bəy, tarix üçün nə ruhlar, nə də yaddaşlar ölmür…

 


Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir