Müsavat namizədlərə qarşı əngəllərə son qoyulmasını tələb edir

Müsavat Partiyasının deputatlığa namizədləri bir sıra seçki dairələrində qanunsuz əngəllərlə, təzyiq və süründürməçiliklə üzləşir.

Bu haqda Müsavat Partiyasının bu gün yaydığı bəyanatda bildirilib.

Sənəddə deyilir:

Bakı, Sumqayıt, Siyəzən, Astara, Lerik və digər rayonlarda bəzi Dairə Seçki Komissiyaları müsavatçı namizədlərə əngəllər törədir.

54 saylı Şabran-Siyəzən DSK-nın sədri Saleh Təhməzov Müsavat Partiyasının namizədi Mərdan Mehdilinin seçki sənədlərini, o cümlədən onun namizədliyinin müdafiəsi üçün toplanmış seçici imzalarını təhvil almaqdan imtina edib.

Lerik və Astara rayonlarında müsavatçı namizədlərə imza atmış bir neçə seçici icra hakimiyyətinin təzyiqi ilə üzləşib.

Seçki Məcəlləsinə görə deputatlığa namizədlər seçici imzaları ilə yanaşı, DSK-lara öz iş yeri, gəlirləri və sahib olduqları mülkiyyət haqda arayışlar, bankdan xüsusi seçki hesabı haqda arayış təqdim etməlidirlər. Lakin bir sıra dövlət orqanları süründürməçilik edərək, bu sənədlərin verilməsini yubadırlar.

Dekabrın 31-dən yanvarın 6-dək dövlət qurumlarında və banklarda qeyri-iş günləri olması isə deputatlığa namizədlərin müvafiq sənədləri toplaması üçün, onlara ayrılan müddətin daha 7 gün qısalmasına səbəb olur.

Bütün bunları nəzərə alaraq Müsavat Partiyası tələb edir:

1. Deputatlığa namizədlərə qarşı süni əngəllərə və süründürməçiliyə son qoyulsun.

2. Yeni il tətili günlərində deputatlığa namizədlər üçün zəruri sənədləri təqdim etməli olan dövlət qurumlarının və bankların müvafiq şöbələrinin fəaliyyəti təmin olunsun, yaxud namizədlərin irəli sürülməsi üçün ayrılan müddət 7 gün uzadılsın.

Müsavat Partiyası ölkə ictimaiyyətini və beynəlxalq hüquq müdafiə təşkilatlarını Azərbaycanda azad seçki uğrunda mübarizəyə daha fəal dəstək verməyə çağırır.


Mənbə: Turan

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir