Vəkil Cahangir Hacıyevə bəraət istəyir - məhkəmə təxirə salınıb

İlin sonunda dekabrın 29-da Apelyasiya Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevin işinə baxmalı idi, lakin məhkəmə iclası yanvarın 10-dək təxirə salınıb.

Onun vəkili Fəxrəddin Hacıyev “Turan” agentliyinə müsahibəsində ABB-nin keçmiş rəhbərinin məhkəmə epopeyası haqda danışıb:

-Fəxrəddin bəy, Cahangir Hacıyevin işində proses nə yerdədir?                             

-Cahangir Hacıyev   barəsindəki  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verilib. Apelyasiya şikayətində C.Hacıyev barəsində cinayət işinə bəraət verici əsaslarla xitam verilməsi apelyasiya məhkəməsindən xahiş olunur. Qeyd edim ki, ümumiyyətlə həmin cinayət işi üzrə 22 şəxs cinayət məsuliyyətinə cəlb olunaraq  məhkəməyə verilib. Məhkəmədə C.Hacıyev və digər bütün təqsirləndirlən  şəxslər, onların müdafiəçiləri bu işdə cinayət hadisəsi olmadığına,  eləcə də cinayət tərkibi olmadığı əsaslarına görə barələrində bəraət hökm çıxarılmasını  məhkəmədən xahiş ediblər.

-Apelyasiya Məhkəməsi işi necə aparır? Hansı gözləntiləriniz var?

-Bakı Ağır Cinayətlər Məhkəməsində işin obyektiv araşdırlması  istiqamətində verilmiş çoxsaylı vəsatətlərimiz təmin edilmədi. Yəni  işin hərtərəfli və obyektiv araşdırlması prinsipi pozuldu. Ona görə də biz Apelyasiya Məhkəməsindən işin heç olmazsa qismən istintaqla aparılması barədə vəsatət verdik. Vəsatət təmin olunmadı. Bundan başqa məhkəmə –  mühasibatlıq ekspertizası rəyindəki ziddiyyətlərlə bağlı təkrar ekspertizanın keçirilməsi, sorğu göndərilməsi və.s  barədə vəsatətlər verdik. Həmin vəsatətlər də təmin olunmadı.

 Cahangir Hacıyevin işinə dekriminillaşdırma aid edilmirmi? Sizcə, iş necə aparılmalıdır ki, haqq- ədalət, hüquq öz yerini tapsın?

-Ümumiyyətlə,  C.Hacıyevə qarşı irəli sürülən  ittiham əsasən mənimsəmə və israf etmə ilə bağlıdır (CPM-nin 179.3.1,  179.3.2). Lakin biz hesab edirik ki,  bu ittihamların  faktiki və  hüquqi əsasları  mövcud  deyil. Çünki mənimsəmə hesab edilən vəsaitlər həm ölkə daxilində, eləcə də ölkə xaricində bankın aktivlərinin yaradılmasına yönəlib. Bu yaxınlarda  “Aqrarkredit”  QSC –nin bank  olmayan kredit təşkilatı idarə heyətinin sədri Məmməd Musayev jurnalistlərə açıqlamasında bildirib ki, “Aqrarkredit” QSC Azərbaycan Beynəlxalq Bankından 9.600 problemli aktiv qəbul edib. Lakin qəribədir ki,  istintaq ABB-nin həmin  aktivləri yoxlayıb qiymətləndirməyib. Məhkəmələrdə istintaqın yol verdiyi  bu səhvi araşdırmır. Aktivlər mövcuddursa, həmin aktivlərin yaradılmasına sərf edilən vəsaitlərdə mənimsəmə ola bilməz.   Yenə də qeyd olunan müsahibədə bildirilir ki,  həmin quruma 3,2 milyard manatdan çox vaxtı keçmiş borc ödənilib. Kredit vəsaitləri ödənilib və ödənilir.  Kredit vəsaitləri ödənilməsi 2015-ci ilə qədər də  başlanmışdı. Lakin C.Hacıyev 2015-ci ildə həbs edildikdən sonra və eləcə də ABB rəhbərliyində həbslər başladıqdan sonra  kreditlərin ödənilməsində problemlər yaranıb. Lakin əsas odur ki, həmin kredit vəsaitləri mənimsənilməyib, aktivlərin yaradılmasına yönəlib.  Misal üçün,  2017-ci ildə Azərbaycan Sənaye Korporasiyası  yaradılıb və korporasiyanın nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər əsasən, “Aqrarkredit” QSC Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin  əvəzində əldə edilmiş onun mülkiyyətində olan və ASK ASC nin mülkiyyətinə balansına veriləcək əmlak hesabına formalaşır. Bu faktların özü də bu işin mülki xarkter daşıdığını göstərir. Çünki qeyd etdiyimiz kimi iki faktın,  9.600 aktivin mövcudluğu və  3,2 milyard manat borcun ödənilməsi özü C.Hacıyevə qarşı cinayət işini  darmadağın edir.

Bütün bunlara görə ümid edirik ki, nəhayət, bu işin cinayət olmadığı öz təsdiqini tapacaq və cinayət təqibinə son qoyulacaq.


Mənbə: Turan

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir