İlqar Məmmədov Azərbaycandan Avropa Şurasına şikayət edib

Şikayət Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etməməsi ilə bağlıdır.

Real partiyasının sədri İlqar Məmmədov yanvarın 2-də Avropa Şurası Nazirlər Komitəsinə rəsmi təqdimat göndərib. Bu haqda “Amerikanın səsi” yazıb.

İlqar Məmmədovun yaydığı xəbərə görə, təqdimat Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarını icra etməməsi ilə bağlı hazırlanıb.

ReAL sədrinin bildirdiyinə görə, Azərbaycan hakimiyyəti bilərəkdən AİHM-in barəsində çıxartdığı bəraət qərarını uzun illərdir icra etmir:

Sənəddə həmçinin seçilmək haqqımın bərpa edilmədiyini bildirdim. Azərbaycan Avropa Şurasının yeganə üzvüdür ki, öz üzvlük öhdəliyini yerinə yetirmədiyi barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var. Bu qərar 2019-cu ilin mayın 29-da qəbul olundu. Yəni Azərbaycan AİHM-in qərarını və Avropa Şurasının qarşısında öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir, Konvensiyanı pozur. Bundan çıxış edərək, mən xahiş etdim ki, Avropa Şurası Nizamnaməsinə uyğun olaraq Azərbaycan hökümətinin Avropa Şurasında haqlarının dondurulması proseduruna başlanılsın. Bununla da mən tək Azərbaycan yox, həm də Avropa miqyasında göstərmək istəyirəm ki, üzvlər öz öhdəliklərini yerinə yetirməlidir. Çünki bu gün Azərbaycan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmirsə, sabah digər ölkələr də bunu edəcəklər. Məhz buna görə Avropa Şurası tədbir görməlidir. Mən bunu Konvensiyanı müdafiə etmək üçün edirəm”.

Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Xatırladaq ki,  Avropa Şurasının Nazirlər Komitəsi bildirmişdi ki, Azərbaycan höküməti 8 nəfərin üzərindən məhkumluğu qaldırmalıdır.

Bu şəxslər ReAL partiyasının sədri İlqar Məmmədov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov və NİDA Vətəndaş Hərəkatının 2013-cü ildə həbs edilmiş 4 üzvüdür.

Hazırda azadlıqda olan şəxslərin üzərindən məhkumluğun götürülməsi onların fevralın 9-na nəzərdə tutulan növbədənkənar parlament seçkilərində namizədliklərini irəli sürməyə imkan verəcək.


Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir