"Sərt oğlan" imici Trampa itirdiyi nüfuzunu bərpa etməyə yetəcəkmi?

İran generalının Trampın əmri ilə öldürülməsi günün əsas mövzusudur və bu, təsadüfi deyil. Hadisə bölgədə gərginliyin yüksələcəyinin, eskalasiyanın  dərinləşəcəyinin xəbərçisidir. Əlbəttə, bu, İrana coğrafi yaxın, eləcə də regionda maraqları olan aktiv ölkələri ciddi qayğılandırır. Hadisələrin hansı məcrada davam edəcəyi hələ ki qaranlıqdır. Qaranlıq olan hər şey isə təhlükəlidir…

Öldürülən Süleymani  İran üçün əhəmiyyətli fiqur idi. O, mütəmadi olaraq kəskin bəyanatlarla çıxış edirdi. Qəddar hərbçi kimi də “ad” çıxarmışdı. ABŞ Prezidentini təhdid etməkdən də çəkinmirdi.  Diqqət çəkən bəyanatlarından  birində Süleymani Donald Trampa xitabən:

Sənə zənn etdiyindən də yaxınıq. Bu müharibəni  siz başladınız, nəticəsini biz müəyyənləşdirəcəyik”, –

demişdi.

ABŞ-ın hücumdan qısa müddət sonra Süleymaninin öldürülməsi tapşırıq və əmrini Trampın verməsini xəbərlərdə xüsusi vurğulaması, eləcə də prezidentin özünün sosial şəbəkələrdə

O, çoxdan öldürülməli idi”

yazması, administrasiyanın digər nümayəndələrinin Trampın əvvəlki prezidentlərdən daha qətiyyətli olacağından bəhs edilməsi qanlı olayların davam edəcəyi qənaəti yaradır.

Şübhəsiz, ABŞ bölgədə bir sıra güc mərkəzlərinə göz dağı verir. Amma bu, eyni zamanda Donald Trampın seçki öncəsi amerikalılar arasında sarsılmış imicinin bərpasına hesablanmış  hərbi aksiyadır. Görünür, Tramp amerikalılar arasında dəb olan “sərt oğlan” imici formalaşdırmağa çalışmaqla, ikinci dəfə prezident seçilmək üçün indidən zəmin hazırlayır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir