Ərzaq israfçılarına amerikalı aşpazın məsləhətləri: tətbiq etməyə dəyər

Hər il dünyada 1,3 milyard tona yaxın ərzaq, qida məhsulları  zibil qutularına atılır. Eyni zamanda planetimizdə  təxminən 820 milyon insan  aclıq çəkir

Nyu-Yorklu aşpaz Max La Manna hesab edir ki, bu ağılsız israfçılıq insanlığın qarşısında duran əsas problemlərdən biridir.

Manna bu haqda “Daha çox bitki, daha az zibil” (“More Plants, Less Waste”) adlı kitab da yazıb.

Problem Azərbaycan üçün də aktualdır. Nə qədər yazılıb-deyilsə də, toyda-yasda, müxtəlif mərasim və tədbirlərdə israfçlıq eyni qaydada davam etdirilir.  Bu səbəbdən amerikalı aşpazın BBC-yə verdiyi ibrətamiz müsabiqəni kiçik ixtisarla  oxucularımızın diqqətinə təqdim edirik:

Presentational grey line

Atam aşpaz olduğu üçün yemək hələ uşaqlıqdan həyatımın vacib hissəsi olub. Valideynlərim mənə yeməyi atmamağı öyrədiblər”.

Yemək israfı insanlığın qarşısında duran əsas problemlərdən biridir. Ərzağın təxminən üçdə biri ya sahələrdə çürüyür, ya da zibilə atılır.

Amma israf edilən təkcə yemək deyil. Pul, su, enerji, torpaq və nəqliyyat da boşuna sərf edilir.

Siz yemək atırsınızsa, bu, iqlimin dəyişməsinə də təsir edir, çünki tullantıların böyük hissəsi poliqona atılır və orada çürüyərək atmosferə metan qazı buraxır.

Bütün ərzaq məhsullarını müstəqil bir ölkə kimi təsəvvür etsək, istixana qazlarının həcmi baxımından ABŞ və Çindən sonra üçüncü yeri tutar.

Amma siz bununla mübarizə apara bilərsiniz.

Düzgün alış-veriş edin

Biz əksər hallarda lazım olduğundan daha çox ərzaq alırıq.

Mağazaya getməzdən əvvəl bizə lazım olan ərzaqların siyahısını tutmaq və artıq şeylər almamaq lazımdır.

Bundan başqa, yalnız aldığınız ərzaqları tam işlədib qurtarandan sonra təkrar mağazaya getməlisiniz.

Ərzaqları necə saxlamaq lazımdır?

Ərzağı saxlama qaydalarına əməl etməyəndə o, tez xarab olur.

Çox adam hansı ərzaqları soyuducuya qoymaq lazım gəldiyini bilmir. Nəticədə meyvə və tərəvəzlər çürüməyə başlayır,  sonra da zibil yeşiyinə atılır.

Kartof, soğan, pomidor, sarımsaq və xiyarı soyuducuya yığmağa ehtiyac yoxdur, onlar otaq temperaturunda da yaxşı qalır.

Göyərtini isə su dolu qabda saxlamaq olar.

Üst-üstə aldığınız çörəyin artığını dondurucuya qoyun.

Supermarketdə və ya hər hansı başqa mağazada görünüşü çox gözəl olmayan, ancaq dadı digərlərindən heç də fərqlənməyən meyvə və tərəvəzləri alın. Ancaq çox adam görünüşə önəm verdiyi üçün onlar satılmamış qalır və zibilə atılır.

Və əgər imkanınız varsa, təzə meyvələri fermerlərdən və ya yarmarkalardan alın.

Yeməyin qalanını soyuducuya qoyun

Yeməyin artığı da faydalıdır.

Tez-tez yemək bişirirsizinizsə və həmişə artıq yeməyiniz qalırsa, həftənin bir gününü ayırıb onları soyuducudan çıxarın – ya o şəkildə yeyin, ya da onlardan yeni bir yemək hazırlayın.

Beləcə qalıq yeməklər zibilə atılmaz və siz həm vaxtınıza, həm də pulunuza qənaət etmiş olarsınız.

Dondurucunu unutmayın

Ən yaxşısı ərzağı dondurucuda saxlamaqdır.

Məsələn, yumşalaraq salat üçün yararsız hala gəlmiş tərəvəzləri dondurmaq, sonra da onlardan kokteyl və ya başqa bir şey hazırlamaq olar.

Göyərtiniz çoxdursa, buz qabına yerləşdirib, üstünə su tökün və dondurucuya qoyun. Sonra onları ya qızarda, ya da başqa bir yeməkdə istifadə edə bilərsiniz.

İstənilən yeməyin, hətta şorbanın da qalığını dondurucuya qoymaq olar. Beləcə hər zaman sadəcə qızdırılması lazım gələn hazır yeməyiniz olacaq.

İşə yemək aparın

Ofisdən çıxıb iş yoldaşlarınızla nahar yeməyinə getmək xoşdur, xüsusilə də çox bəyəndiyiniz bir restorana. Amma bu, əlavə xərc və yemək israfı deməkdir.

Ən yaxşısı yeməyi evdən aparmaqdır. Bunun üçün səhərlər nəsə hazırlamağa vaxtınız yoxdursa, dondurucuda qalıb öz vaxtını gözləyən yeməklərdən birini götürün.

Gübrə hazırlayın

Gübrə ərzaq artıqlarından ekologiyaya və təbiətə ziyan vurmaqdan xilas olmaq üçün çox yaxşı üsuldur.

Bunu evin bağçasında etmək daha rahatdır, amma hamı həyəti olan evdə yaşamır. Bununla belə, gübrəni adi şəhər mənzilində də hazırlamaq mümkündür. O, otaq bitkilərinin inkişafı üçün əla vasitədir.

Addım-addım irəliləyin

Yeyinti artıqlarını azaltmağın yolları çoxdur və bunu hər birimiz edə bilərik.

Ailənizin gün ərzində nə qədər ərzaq atdığı barədə düşünsəniz, situasiyanı yaxşılığa doğru dəyişə bilərsiniz və çox qiymətli təbii resursların qorunmasına öz töhfənizi vermiş olarsınız.

Ərzaq alış-verişinə, onları hazırlama və istifadə vərdişlərinizə minimum dəyişikliklər etməniz belə, ətraf mühiti müdafiəyə kömək edər. Bu, heç də mürəkkəb məsələ deyil.

Çox az əmək sərf etməklə  siz zibilə atdığınız yeməyin, sərf etdiyiniz pulun və zamanın miqdarını xeyli dərəcədə azalda  bilər, bununla həm də  təbiətə kömək etmiş olarsınız.


Mənbə: BBC

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir