Rusiyanın Suriyaya silah-sursat daşıdığı iri desant gəmisi xarab olub, yedəyə alınıb

Rusiya mətbuatı  Qara dəniz Donanmasına aid böyük desant  gəmisi “Orsk”un Suriyaya növbəti reysdən sonra geri qayıdarkən xarab olması barədə yazır. Gəminin iki dizel mühərrikindən birinin sıradan çıxdığı bildirilir.

Sübut olaraq Bosfor boğazından Qara dənizə keçərkən türk müşahidəçilərin çəkdiyi  gəminin  yedəyə alınmış şəkilləri göstərilir. “Avia Pro” saytının iddiasına görə, gəminin xarab olması haqqında bir neçə versiya var: bəziləri gəmidə nasazlığın   Suriya sahillərində, digərləri boğazdan keçərkən  yarandığını bildirir. Bunun sabotaj olduğunu söyləyənlər də var.

Rusiya Hərbi Dəniz Donanması iddialara rəsmi  münasibət bildirməyib.

Qeyd edək ki, bu sayaq iri desant gəmiləri ilə Rusiya Suriyaya hərbi yük, o cümlədən texnika, tank daşıyır. Ötən il “Orsk” gəmisi ən azı 3 dəfə  Tartus limanına yan alıb.

Tartusda  Rusiyanın Aralıq dənizindəki yeganə maddi-texniki xidmət imkanlarına malik  hərbi-dəniz bazası yerləşir.

Sonuncu dəfə  “Orsk” dekabrda Suriyaya nəqliyyat vasitələri, silah və sursat çatdırıb. Gəminin yükdaşıma qabiliyyəti 1500 tondur.

 

 

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir