Təbrizli millət vəkilinin rasional təklifini radikal rejim qüvvələri süngü ilə qarşılayıblar

Təbrizin İran parlamentindəki millət vəkili İran rejimini Amerika Birləşmiş Ştatları (ABŞ) ilə danışıqlara başlamağa çağırıb. 

Azərbaycanlı millət vəkilinin bu təklifini  radikal qüvvələr süngü ilə qarşılayıblar.

Şəhabəddin Bimiqdar bu barədə  “Şəms” saytının müxbirinə danışıb:

Mənim təklifim təmkinli olmaq və İranla Amerika arasında danışıqların başlamasıdır. Ümid edirəm ki, iki ölkə arasında müharibə baş verməyəcək. Ona görə ki, ABŞ və müttəfiqlərinə qalib gəlmək çətin olacaq”.

Azərbaycanlı millət vəkili “bu cinayətə qarşı ən yaxşı cavab nədən ibarət ola bilər?” sualının cavabında təmkinli olmaq və danışıqların başlamasının doğru qərar olacağını bildirib.

Ş.Bimiqdarın bu sözləri “Sepah” tərəfdarlarını ona qarşı  hərəkətə keçirib. Məlumata görə, “Bəsic” qüvvələri və “Sepah” tərəfdarlarından ibarət bir neçə nəfər millət vəkilinin ofisinin qarşısına toplaşaraq ona etiraz bildirib. Onlar istifadə etdikləri “ağır intiqam” həştaqında onun əleyhinə mətnlər paylaşıb, millət vəkilini qeyrətsiz adlandırıblar.

“Sepah”a bağlı olan bir neçə sayt da Təbriz, Azərşəhr və Üskünün millət vəkilinə sərt reaksiya verib.

Xülyalarla yaşayan “Sepah” tərəfdarları İranın Amerika Birləşmiş Ştatlarından ağır intiqam alacağına inanır. Lakin İranın açıq şəkildə Amerikanın mövqelərinə hücum etməsi heç də inandırıcı görünmür.

Bundan başqa, bu avantürist  təşəbbüs bölgəni qan gölünə çevirə bilər.   Məsələ ondadır ki, İran əlində olan imkanlarla ABŞ-a hər hansı ciddi zərbə vuracaq gücdə, qüdrətdə deyil. Məsələn, bu vaxtadək onun təhriki ilə İsrailə atılan raketlər  faktiki olaraq fişəng effekti doğurub. Əvəzində İsrailin cəza tədbirlərində  Fələstin tərəfi ciddi itki verib və əhali ziyan görüb.  İranın İsrailə qarşı avantüraları faktiki olaraq İsrailin Yaxın Şərq siyasətini dərinləşdirməsi üçün “münbit” zəmin, bəhanə yaradır…

Oxşar hal İraq və ya Suriyada da yaşana bilər – İranın “qisas” çılğınılığının qarşılığını  yerli əhalinin canı-qanı ilə  ödəyəcəyi şəksizdir.

Bu səbəbdən təbrizli deputatın mövqe və təklifi ən rasional, doğru olandır: təmkinli olmaq və danışıqlara başlamaq lazımdır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir