Üç ürəyi bir yarpaqda kim çəkib…

Bir saplaqda üç ürəyin şəkli var!..
Hər yarpaqda dünyamızın həkki var!..
İndi kimin yaradana şəkki var,
Üç ürəyi bir yarpaqda kim çəkib?!.

Bu sətirlərin müəllifi həyatdakı gözəllikləri anlayıb duyan, özü də bu gözəlliyi əbədiləşdirməyə çalışan təbiət vurğunu, yaradıcı insandır. Təbiət adlı böyük rəssamdan dərs alaraq insan portretləri çəkir. Və onları elə canlandırır ki, əsərlə seyrçi arasında xüsusi ünsiyyət yaranır. Tablolardan boylanan qəhrəmanlar müəyyən anlığa sənət əsəri ilə qarşı-qarşıya dayandığını unutdurur…

Əsərlərin aşağı küncündə iki qoşa hərfli imza var: Mhaçması:

Mirtəqəvi Hüseyn

işləyərkən faner, andız kökündən hazırlanan təbii boya, skalpel (cərrah bıçağı), eskizlər və  günlərlə beynində götür-qoy edərək ürək süzgəcindən keçirtdiyi   kompozisiya ilə baş-başa qalır…  Və beləcə faner üzərində müxtəlif surətlər  canlanmağa başlayır.

Molbert arxasına keçən rəssam əvvəlcədən boyayaraq qurutduğu faner üzərinə kağızda çıxarılmış eskizləri yerləşdirib yüngül çizmə işi aparır. Bunu tamamladıqdan sonra  əlindəki skalpellə  obrazı zərgər dəqiqliyi ilə  işləməyə başlayır. Qəhrəmanlarının  ruhunu, düşüncələrini fonda verdiyi kompozisiya ilə tamamlayır. Məhz burada sənətkar təxəyyülü, məharəti öz gücünü daha qabarıq büruzə verir. Ağ-qara, işıq-kölgə vasitələrindən məharətlə istifadə real görüntü yaradır. Sənətkar yaradıcılıq prosesində cizgilərin incəliyi və qalınlığının dəqiqliyi  üçün fərqli ölçüdə üç-dörd cərrah bıçağından istifadə edir. Rəssam səliqəsi, zərifliyi, duyumu bütün tablolarına hakimdir. Ərsəyə gətirdiyi hər bir portretdə insanın zahiri və ruhu  arasındakı harmoniya yaradıcılıq məsuliyyətinin, qəhrəmanını hərtərəfli öyrənmək cəhdinin nəticəsidir.

…Nədənsə onun əsərlərini ksiloqrafiya nümunələri kimi təqdim edirlər. Amma burada çox böyük yanlışlıq var. Çünki Hüseyn Mirtəqəvinin bədii-texniki üslubu xeyli fərqlidir, orjinaldır. Araşdırmalara əsasən əminliklə  deyə bilərik ki, yaradıcılıq prosesində tətbiq etdiyi vasitələrdən rəssamların ayrı-ayrılıqda fərqli şəkildə istifadəsini nəzərə alsaq belə, faner üzərində cərrah bıçağı ilə insan portreti bir yenilikdir. Mirtəqəvi yaradıcılığı fərdi, özünəməxsus metodu ilə fərqlənir.

Təkcə Nəsiminin portreti yetər ki, Mirtəqəvi sənətinin böyüklüyünü ifadə etsin. Böyük mütəfəkkirin  yubileyi ilə əlaqədar çəkilən rəsmlər içərisində “Ənəlhəqq”i ən canlı və dolğun əsər saysaq, yanılmarıq.

Şərhsiz təqdim etdiyimiz yaradıcılıq nümunələrinin sizdə daha geniş təəssürat yaradacağına əminik. Necə deyərlər, sənətkar haqqında ən düzgün fikri onun əsərləri diqtə edir.

Epiloq əvəzi

Maraqlı insan, ətəyindən elm tökülən adam…

İxtisasca ekoloqdur. Uzun illər Qızılağac qoruğunda işləyib. Torpağa, təbiətə xüsusi bağlılığı var. Rəssam baxışı, güclü müşahidə qabiliyyəti sayəsində fauna və flora  aləminə, təbiət hadisələrinə dərindən bələddir. Elə əsərlərində təbiət lövhəsi verərkən detallara varması da, məhz bundan  irəli gəlir.

Elm adamıdır – Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin Sözlük redaksiyasının müdiridir. Söhbətlərini maraqla dinləyən gənc tələbə onu dostlarına məhz  belə xarakterizə edib – ətəyindən elm tökülən adam…

Həm də şair ruhludur. Duyğularını şeirə çevirir. Deyir ki, şair deyiləm, amma  arada ürəyimdəkiləri sapa düzürəm.

Həyatındakı keşməkeşlərin də yaradıcılığına təsiri danılmazdır…

Gözəllik aşiqidir. Eybəcərlik içində belə yaxşı olanı görüb tapır və dəyər verir. Bəlkə də ona görə əsərləri bu qədər ifadəli və ürəyəyatandır.

Lilparından bulaq özü görünmür,
Çiçəyindən budaq özü görünmür,
Dumanından bu dağ özü görünmür,
Duman, çəkil, bu gözəllik görünsün!..

 

Şəhriyar
Məşhur ingilis alimi – astrofiziki, kosmoloqu Stiven Hokinq
Xalq şairi Musa Yaqub
Akademik Həsən Əliyev
Həmidə xalam
Mustafa Kamal Atatürk
Veteran
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Filosof-mistik, yazıçı-şair-etnoqraf, rəssam Nikolay Rerixin
3 Comments
  1. Rəssamlar ittifaqının üzvü olmasan da, yaradıcılığına görə əsərlərinlə tanış olanlar səni rəssam hesab etdilər. Bunun bir neçə dəfə şahidi də oldum. Əslində, bu böyük fəxrdir. Son dövrlərdə sənin hər bir əsərində faydalı , həqiqəti əks etdirən cizgilər yaranır və əsərlərində bu əlamətlər yaddaşlarda həkk olunur. İnsanların yüksək keyfiyyətini belə yaddaqalan çalarla verib və onların hər birini uyğın qabartmaqla tamaşaçını özün haqqında düşünməyə vadar edirsən. Şerlərindən doymaq olmur, əsərlərindən uzaqlaşmaq istəmirlər. Sən özün də həvəslə yaratdıqların haqqında danışanda tamaşaçı valeh olur, yeni surətlər də tapırsan. Bu da bir böyüklükdür. Şerlərindən , sənət əsərlərindən insanlar çox faydalanaraq səni şəxsən tanıdıqlarından məmnunluq duyurlar.

  2. Sizin yazı məni 45 illik tələbə dostumla görüşdürdü. Biz eyni yataqxanada yaşayırdıq- Hüseyn bəy geoloji-coğrafiyada, mən jurnalistikada. Fb-da yazılarımı oxuyan Hüseynin ( mən onun soyadını o zaman bilmirdim) kimliyinin fərqinə varmırdım. Sizın yazınızi oxuyandan və kiçik qeyddən sonra biz tanış olduq və mən adı ürəyimdə yaşayan Hüseynlə yenidən görüşdüm. Sizə təşəkkür edirəm və 7-gun.com-a uzun ömür arzulayıram!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir