Geosiyasi gərginlik səhmləri ucuzlaşdırıb, neft isə bir qədər bahalaşıb...

Məlum hadisədən sonra regionda gərginliyin artması dünya birjalarında kotirovkaların ucuzlaşması ilə müşayiət olunur. Bu gün İstanbul birjası günü 2 faizlik itki ilə tamamlayıb. Avropa və Asiya birjalarında qeyri-müəyyənlik treyderləri satışa təhrik edir, səhmlər dəyər itirir.

Bu saatlarda  yeni açılmış Nyu-York birjasında da ticarət satışların üstünlüyü ilə başlayıb: “Dow Jones” indeksi 0,51 faiz, “S&P 500” indeksi 0,41 faiz, “Nasdaq” indeksi isə 0,57 faiz ucuzlaşıb.

Birja analitikləri Qasım Süleymaninin  öldürülməsindən sonra yaranan  geosiyasi risklərin, eləcə də tərəflərin odlu-alovlu  açıqlamaları fonunda bunun gözənilən olduğunu bildirirlər.

ABŞ-İran gərginliyinin sürətlə artması ilə yanaşı,  İraqdan gələn xəbərlər də  riskləri artıran amillərdən biri kimi göstərilir. ABŞ Prezidenti Donald Trampın İran və İraqı təhdid etməkdə davam etməsi, İranın eyni alovlu ritorikada cavab verməsi qiymətli kağızlar, eləcə də xammal birjalarına mənfi təsir edəcəyi qaçılmazdır.

Hərçənd, birja əməliyyatları  heç bir qanunauyğunluğa tabe  olmur.  Odur ki, birjaların eyni şəraitdə sabah özünü necə aparacağını proqnozlaşdırmaq  mümkün deyil.

Hazırda dünya xammal birjalarında  fyuçers müqavilələri üzrə 1 barel “Brent” 68-69 dollara, WTI 62-63 dollara  satılır.

Neftin birjalarda hər an  dəyişən  qiymətlərini  (real zamanda) aşağıdakı informerdə izləyə bilərsiniz:

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir