Mehman Hüseynov MSK-nın qərarından narazıdır

Yanvarın 5-də Mərkəzi Seçki Komissiyasının iclasında 23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinə namizəd olmuş bloger Mehman Hüseynovun şikayətinə baxılıb.

Mehman Hüseynov  “Turan”a  bildirib ki, MSK şikayəti qismən  təmin etsə də, bu qərarla razılaşmır.

Namizəd olduğum dairənin bəzi məntəqələrinin nəticələri ləğv olundu. Saxtakarlıq edən bəzi məntəqə sədrlərini, komissiya üzvlərini cəzalandırıb, onları işsiz qoyublar. Amma bu qərar məni qane etmir. Bizim tələbimiz odur ki, həmin dairənin yekun nəticələri ləğv olunsun və səslərin sayılması yenidən keçirilsin! Mən MSK-nın iclasında bildirdim ki, bəzi məntəqələrin nəticələrinin ləğv olunması, məntəqə sədrlərinin cəzalandırılması mənə lazım deyil. Mən bu işin sonuna çıxacağam”.

Mehman Hüseynov işi məhkəməyədək aparacağını deyir.

Onun bu açıqlamasına hələlik 31 saylı Suraxanı ikinci Dairə Seçki Komissiyasından və Mərkəzi Seçki Komissiyasından münasibət öyrənmək mümkün olmayıb.

Mehman Hüseynov bu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində namizəd olub. İctimai rəydə favorit olmasına baxmayaraq, seçki komissiyası onun bələdiyyə üzvlüyünə seçilmədiyini bildirib.

Mehman Hüseynov ona qarşı baş verənləri sifariş hesab edir və bələdiyyə seçkilərində səsvermənin nəticələrinin saxtalaşdırıldığını bildirir.


Mənbə: Turan

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir