Süleymanini kim satıb, yaxud Rusiya terror xəbərdarlığının qarşılığını ABŞ-a nə ilə ödəyib?

İran xüsusi xidmət orqanları Süleymaninin öldürülməsi əməliyyatının keçirilməsi üçün zəruri bilgilərin amerikalılara kimlərin ötürdüyünü araşdırmağa başlayıb. Məsələ ondadır ki, Qasım Süleymaninin yeri, planları, hərəkət marşrutu, İraqa nə zaman gələcəyi haqqında dəqiq məlumat olmadan belə bir əməliyyatı həyata  keçirmək mümkün deyil.

Belə ki, silahlı zərbə pilotsuz aparatının Küveytdən qalxıb Bağdada çatması üçün ən azı 3 saat vaxt lazımdır. Süleymani isə Bağdada Suriyadan – paytaxt Şamdan təyyarə ilə 1,5 saata gəlib. Deməli, o, Suriyada olarkən və hadisədən xeyli qabaq nə edəcəyi, hara, nə zaman, hansı marşrutla gedəcəyi haqqında dəqiq məlumat amerikalılarda olub. Bəs, bu məlumatı ABŞ-a kim verib və nəyin müqabilində?

İddialar müxtəlifdir. Bəziləri bu məlumatların iraqlılar tərəfindən ötürüldüyünü düşünür. Daxildə xain axtaranlar da var. ABŞ-ın diplomatik kanallar vasitəsilə məlumat əldə etdiyini söyləyənlər olsa da, onlar hansı kanalları nəzərdə tutduqlarını  bildirmirlər.

Şübhəsiz, Süleymani kimi önəmli fiqurun hərəkətləri haqqında dəqiq  və müfəssəl məlumata məhdud sayda şəxslərlə yanaşı, yalnız ən etibarlı tərəfdaşlar malik ola bilərdi. Bunlar İran xüsusi xidmət orqanlarından sonra Suriya rejimi və Rusiyadır.

Suriya rejiminin əslində bir iqtidarsız kölgədən ibarət olduğu, faktiki bütün sistemin Rusiya mütəxəssisləri tərəfindən idarə edildiyini nəzərə alsaq, Süleymanini amerikalılara satan məchul çox güman ki,  İran və ya Rusiya mənşəlidir.

Bu məqamda Yeni il öncəsi ABŞ Prezidentinin  Rusiya Prezidentinə zəng edib, kütləvi bayram tədbirlərində törədiləcək terror haqqında müfəssəl məlumat verməsi, nəticədə iki terroristin tutulması, böyük terror aktlarının qarşısının alınması yada düşür. Maraqlıdır, ABŞ bu lütfü Rusiyaya –  hər fürsətdə ziyan vurmağa, sanksiyalarla boğmağa çalışdığı dövlətə nəyin xətrinə göstərib?

Qəti fikir söyləmək çətindir. Amma o jestin qarşılığı böyük olmalı idi. Təbii ki, Tramp dəyərli informasiyanı bir təşəkkürə  görə düşmənə verməyib. Yəqin ki, bunun müqabilində Rusiyadan nə isə istənilib. Bu, Süleymani haqqında məlumat ola bilərdimi?

Yəqin ki, ola bilərdi. Amma həqiqətən, olubmu – bunun qətiyyətlə söylənməsi bir kənara, nə zamansa  üstünün açılacağı ehtimalı belə yoxdur. Hərçənd, pərdə arxasında xüsusi xidmət orqanları bundan xəbərdar olacaq…

Hələliksə bölgədə hərarət qırmızı  xəttə yaxın  dərəcəyə qalxıb – siyasi ehtiraslar coşub, hərbi ritorika yüksəlib və  bu, region dövlətlərinə, o cümlədən Azərbaycana yaxşı heç nə vəd etmir.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir