Gəncə işi üzrə məhkəmə baxışı yanvarın 16-a təyin edilib

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 nəfərin cinayət işi üzrə məhkəmə baxışı yanvarın 16-a təyin edilib.

Bu gün  davam etdirilən hazırlıq iclasında vəkillər prosesin audio və videoyazısının aparılması, cinayət işinin ibtidai istintaqa qaytarılması, maddi sübutlara baxış keçirilməsi, bəzi təqsirləndirilən şəxslər barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi, işgəncələrlə bağlı təkrar ekspertizaların təyin edilməsi və başqa çoxsaylı vəsatətlərə baxıb.

Məhkəmə kollegiyası vəsatətlərin böyük əksəriyyətini təmin etməyib. Bir qisim vəsatətləri isə məhkəmə baxışı zamanına aid edib. Sədrlik edən hakim məhkəmə zalındakı qəfəsdə məhbusların qandallarının açılması ilə bağlı vəsatəti “texniki məsələ” kimi qiymətləndirərək təmin edib.

İttiham olunan şəxsləri iyirmiyədək vəkil müdafiə edir. Onların əksəriyyəti dövlət tərəfindən təyin edilib. Bununla yanaşı, məhkəmə kollegiyası vəkil Elçin Sadıqovu Yunis Səfərovun hüquqlarının müdafiəsinə buraxmayıb.

Hakimin sözlərinə görə, Sadıqov prokurorluğun qərarı bu işdən uzaqlaşdırılıb.

“Prokurorluq vəkili istintaq müddətində prosesdən uzaqlaşdıra bilər. Prokurorluğun qərarı məhkəmə prosesinə aid edilə bilməz”, deyə vəkil Sadıqov sədrlik edən haklimin diqqətinə çatdırsa da o, Səfərovun müdafiəsinə buarxılmayıb.

Məhkəmə Yunis Səfərovun hüquqlarını dövlət tərəfindən təyin edilmiş vəkilin müdafiə edəcəyi barədə qərar qəbul edib.

Yunis Səfərov isə vəsatətində hüquqlarını Elçin Sadıqovun müdafiə etməsini istədiyini bildirib.

“Hüquqlarımı vəkilim Elçin Sadıqov müdafiə edənədək vəkil xidmətindən imtina edəcəm”, –  Yunis Səfərov vəsatətində qeyd edib.

Hakim həmçinin vəkil Asif Allahverdiyevi təqsirləndirilən Mahir Əzizovun müdafiəsinə buraxmayıb.

Məhbusların ailələri məhkəmənin gedişindən narazıdır. Asif Allahverdiyevin anası məhkəməyə və istintaqın nəticələrinə etiraz olaraq intihar edəcəyini deyib.

Vəkil Elçin Sadıqov hakimin qərarının qanunvericiliyə uyğun olmadığını deyib və Məhkəmə-Hüquq Şurasına şikayət edəcəyini bildirib.

Hüquq müdafiəçiləri məhkəmə istintaqının axıra qədər aparılmadığı qənaətindədir.

Repressiya və İşgəncələr Əleyhinə Komitənin məhkəmə prosesini izləyən üzvü Əlövsət Sadıqlı bildirib ki, istintaq Gəncə hadisələrinin sifarişçiləri və təşkilatçılarını müəyyən etməyib.

İttihama görə, xarici radikal dini dairələrin nümayəndəsi olan Yunis Səfərov 2018-ci il iyulun 3-də Gəncə şəhərində İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı öncədən planlaşdırılmış terror aktı törədib.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-a Gəncə administrasiyasının binası qarşısında Vəliyevə etiraz olaraq aksiya təyin edilib. Həmin gün Daxili İşlər Nazirliyi Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı yüksək rütbəli iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarlar və digər şəxslər arasında kütləvi həbslər baş verib.

İndiyədək Gəncə işi üzrə ittiham olunan altmışadək şəxsin cinayət işi üzrə məhkəmə prosesləri başa çatıb. Onların məhkəmələri müxtəlif qruplar üzrə keçirilib. İttiham olunan şəxslər iki ildən 20 ilədək həbsə məhkum edilib. Onlardan bəziləri barəsində apelyasiya instansiyasında həbs qətimkan tədbiri dəyişdirilib.

Hadisələrin əsas fiqurantı Yunis Səfərovun daxil olduğu qrupda öncə 18 nəfərin istintaqı aparılıb. Onlardan 5 nəfəri narkotik ittihamı ilə təqsirləndirilib və həbs müddətləri sona çatdığından azadlığa buraxılıb. Qrupda istintaqı aparılan Ağa Sərxanlı və Anar Bağırov tutulma zamanı öldürülüb, Aydın Qurbanov isə istintaq dövründə xəstəlikdən təcridxanada vəfat edib. Hazırda məhkəmə qarşısına 10 nəfər çıxarılıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir