Press Klub yenidən təşəkkül tapmaq niyyətindədir: ilin ilk iclası keçirilib

Srağagün ekspertlərin və bir sıra media quruluşlarının rəhbərlərinin iştirakı ilə Bakı Press Klubunun idarə heyətinin ilk iclası keçirilib.

Press Klubun mətbuat xidmətindən verilən məlumata görə, Zeynal Məmmədli, Qulu Məhərrəmli, Mehman Əliyev, Aynur Kərimova, Elçin Şıxlı, Arif Əliyev cari problemləri və gələcək strategiyaları müzakirə ediblər.

Əsasən  jurnalist tədbirlərinin keçirilməsi üçün yer ayrılması və bununla bağlı maliyyə məsələlərinin həlli müzakirə olunub.

Həmçinin bu ilin fevralından internet kanalın yayımını təmin etmək üçün tədbirlər planı təsdiq edilib.

Press Klubun mühüm fəaliyyət istiqamətlərindən biri xaricdəki jurnalistlər və xarici media qurumları ilə əməkdaşlıqdır.

İdarə Heyəti Press Klubun Rusiya bürosunun fəaliyyətinin genişləndirilməsinin, həmçinin  digər regionlarda da oxşar qurumların yaradılmasının vacibliyini qeyd edib.

Azərbaycan jurnalistikasının hazırkı vəziyyəti ayrıca müzakirə edilib. Yerli medianın dirçəlişinə və inkişafına yönəldilmiş “Yol xəritəsi”nin strateji sənəd layihəsinin hazırlanması barədə qərar qəbul edilib.

Xatırladaq ki,  Press Klub 1998-ci ildə bir neçə KİV tərəfindən təsis edilib. Ancaq qısa müddət sonra maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırmalı olub.

2019-cu ilin sonunda üç əvvəlki təsisçi – “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Zerkalo” qəzeti və “Turan” agentliyi Press Klubun fəaliyyətini bərpa etmək qərarına gəliblər.

 


Mənbə: Turan

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir