SOCAR təmsilçisi ötən ilin neft qiymətlərinin dinamikası haqqında məlumat verib

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR)  İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov ötən il Azərbaycan neftinin dünya bazarlarında satışı ilə bağlı suallara aydınlıq gətirib, birja dinamikasının təhlilini aparıb. O, eləcə də ölkədə neft hasilatı  barədə yazıb:

“Azərbaycanın əsas xam neft brendi “Azeri Light” neftinin bir barreli 2019-cu ildə çatdırılma nöqtəsində (CIF) ortalama 66,79$ qiymətinə satılıb. 2019-cu ildə dünyada neftin orta qiyməti əvvəlki illə müqayisədə aşağı olduğuna görə “Azeri Light” nefti də həmçinin ötən ildə 2018-ci illə müqayisədə təxminən 9% aşağı qiymətə alınıb. Belə ki, 2018-ci il üzrə “Azeri Light” neftinin orta satış qiyməti 73,3$ təşkil edirdi.

2019-cu il ərzində “Azeri Light” qiymətinin pik həddi aprel ayında 77,23$ səviyyəsində qeydə alınıb, il ərzində ən aşağı qiymət həddi isə düz bir il əvvəl – yanvar ayında 56,34$ olub.

Hazırda “Azeri Light” neftinin qiyməti 70 dolların üzərindədir. Neft qiymətləri dünya bazarlarının tələb/təklif dinamikasından və alıcıların gözləntilərindən, eləcə də dünya miqyasında baş verən bir sıra siyasi-iqtisadi amillərdən asılıdır. Digər neft növlərinin qiyməti dəyişəndə analoji olaraq “Azer Light” neftinin qiyməti də dəyişir. “Azeri Light” nefti yüngül və kükürd miqdarı  aşağı olduğuna görə adətən “Brent” neft növünə nisbətən baha  satılır və hazırda “Brent”dən təxminən 2,25$ bahadır.

Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin öz imkanları ilə hasil etdiyi neftin böyük hissəsi Azərbaycanda emal olunur və daha sonra daxili bazara yönləndirilir. İxrac olunan neft isə əsasən “Azəri-Çıraq-Günəşli” konsorsiumu tərəfindən hasil olunur və həmin neftdən əldə edilən mənfəətin dövlətə aid olan payı Dövlət Neft Fondunda (SOFAZ) cəmləşir və idarə olunur. Dövlət Neft Fondu isə neft gəlirlərinin müəyyən hissəsini gələcək üçün cəm edir, kapital qoyuluşuna yönəldir, eləcə də  mühüm hissəsini hər il dövlət büdcəsinə köçürür.

SOCAR-a gəldikdə isə: dövlət neft şirkəti Azərbaycan neftinin dünya bazarlarında müstəqil və qiymətli brend kimi reallaşmasında iştirak edir, üstəlik başqa ölkələrdən xam neft və neft məhsullarının alışı-satışı ilə Azərbaycan neftindən əlavə qlobal ticarət dövriyyəsi, həmçinin  əlavə gəlir formalaşdırır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir