Kim güclüdürsə, o da haqlıdır və ya İran nə dərəcədə güclüdür?!

ABŞ  terrorist təşkilat elan etdiyi hərbiləşmiş qrupun rəhbəri, İranın regiondakı bütün kirli işlərinin icracısı,  general Qasım Süleymanini öldürəndən sonra rəsmi Tehran intiqam alacağını açıqlamışdı.

Guya aldı da: ABŞ-ın İraqdakı iki hərbi bazasını ballistik raketlərlə vurdu və dərhal 80 amerikalı əsgərin öldürüldüyünü elan edib, İran xalqını eyforiyaya soxdu.  Bunun ardından ABŞ prezidenti iranlılara bu hissi haradasa bir gün yaşadaraq çıxıb heç bir itki vermədiklərini bildirdi. Bir əli ilə yumruq göstərib, o biri ilə əl uzatdı. Bu, güclünün zəifi əzdikdən sonra başını sığallayıb könlünü almasına, eyni zamanda “bir də  belə qələt eləmə” deməsinə  bənzəyirdi…

Ara yerdə ayaq altında qalan 60-a yaxın (bəlkə də daha çox)  iranlı (aralarında uşaqlar da var) Süleymaniyə “yoldaş” edildi. Çox ucuz ölümdür – insan həyatı bu qədər dəyərsiz ola bilməz!

Qeyd: Ballistik raketlər əslində strateji silahlardır və özləri yox, daşıdıqları döyüş başlıqları önəm daşıyır. Yəni raketlərin özləri gurultu ilə partlasalar da, döyüş başlıqları  olmadıqda ətrafa ciddi ziyan vura bilmirlər. Çünki bu raketlərin təyinatı dağıtmaq deyil, daşıyıb çatdırmaqdır.  İndi sual olunur: İran Amerikalılara bu raketlər vasitəsilə nə göndərib?..

Bundan əvvəl isə  Trampın “52 hədəf” deyib, bölgəyə nüvə silahlı B-52 təyyarələri, əlavə bir desant diviziyası göndərməsi  məsələnin ciddiyətindən xəbər verirdi. Nəzərə alsaq ki, ABŞ-ın əslində İran ətrafında kifayət qədər gücü var və faktiki hər tərəfdən müdaxilə imkanına malikdir, strateji  silahları da ön xəttə çəkməsi dünyanın fəlakətin bir addımlığında olması demək idi.

Bəs İran ordusu nə qədər güclü və ya böyükdür?

Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesablamalarına görə, İran ordusunun təxminən 523 min aktiv personalı var.

Onlardan 350 min nəfəri ordunun əsas hissəsində, 150 mini İnqilab Keşikçiləri Korpusunda, 20 mini isə Korpusun dəniz donanmasında xidmət edir.

Sonuncusunun Hörmüz boğazında növbə çəkdiyi və 2019-cu ildəki tankerqaçırma hadisələrində iştirak etdiyi barədə ehtimallar var.

İnqilab Keşikçiləri “Bəsic” silahlı qruplaşmalarına da nəzarət edir.

Könüllülərdən ibarət olan bu birləşmələr ölkə daxilindəki üsyanları yatırtmaqla məşğuldur.

“Bəsic” döyüşçüləri yüzminlərlə silahlını təşkilatlandırmaq gücünə sahibdirlər.

İnqilab Keşikçiləri Korpusu 40 il bundan əvvəl islam inqilabının nəticələrini qorumaq üçün yaradılıb və o vaxtdan etibarən hərbi, siyasi və iqtisadi güc halına gəlib.

Əsas ordudakı qədər əsgəri olmasa da, Korpus İranın ən əhəmiyyətli hərbi quruluşu hesab edilir.

İran ölkə xaricində əməliyyat keçirmək qüdrətindədirmi?

İranın ölkə hüdudlarından kənarda əməliyyatlar keçirən müxtəlif hərbi birləşmələri var.

İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” bölümü ölkə xaricində əməliyyatlar həyata keçirir. 5 min hərbçidən ibarət olan bu bölüm birbaşa İranın ali dini lideri Ayətullah Xameneyiyə tabedir.

“Əl-Qüds”ün üzvləri Bəşər Əsəd rejiminə dəstək  üçün Suriyaya göndəriliblər.

İraqda isə onlar İŞİD-ə qarşı mübarizə aparan və şiələrin nəzarəti altında olan bir qrupa dəstək veriblər. Ümumiyyətlə, İran regionda öz maraqlarını dini təriqətçilik üzərindən yürüdür. Bu səbəbdən bölgədə bir çox halda toqquşmalar təriqət savaşlarına dönür. Əslində isə hər bir tərəfin arxasında strateji maraqlar güdən başqa güclər var…

ABŞ-ın iddiasına görə, “Əl-Qüds” Yaxın Şərqdə onun terrorist elan etdiyi birləşmələrə yardım edir. Bunların arasında Livandakı “Hizbullah” və Fələstindəki “İslami-Cihad” qrupları da var.

BBC-nin müdafiə və diplomatiya üzrə müxbiri Jonathan Marcus-un fikrinə görə, İran öz PUA-larını bölgədəki müttəfiqlərinə satmaqda maraqlıdır.

2019-cu ildə Səudiyyə Ərəbistanının iki vacib neft hasilatı təsisinə PUA-lar və raketlər vasitəsilə hücum edilib.

Həm ABŞ, həm də Səudiyyə Ərəbistanı bunda İranı günahlandırsalar da, rəsmi Tehran ittihamları rədd edib.

 

İranın kibernetik gücü nə səviyyədədir?

2010-cu ildə İranın nüvə təsislərinə genişmiqyaslı kiber-hücumdan sonra, bu ölkə kibernetik gücünü  yüksəltmək qərarına gəlib.

İnqilab Keşikçilərinin tərkibində bir kiber-komandanın olduğu təxmin edilir. Bu komanda hərbi və ticari sirləri oğurlamağa çalışır,  şəbəkədə  müxtəlif virtual tapşırıqları yerinə yetirir.

ABŞ-ın 2019-cu ildə açıqladığı hərbi hesabata görə, İran kibernetik müdaxilədə aviasiya, müdafiə, enerji və təbii mənbələr üzrə fəaliyyət göstərən şirkətləri hədəfə alır.

2019-cu ildə “Microsof”  İran mənşəli və İran hökumətiylə bağlı bir haker qrupunun ABŞ-dakı prezident seçkilərini hədəf aldığını və ABŞ-ın hökumət nümayəndələrinin hesablarını ələ keçirməyə çalışdığını açıqlamışdı.

Şübhəsiz, İranın (və ya hər hansı bir digər ölkənin) hərbi potensialını bir kiçik yazıda bütünlüklə şərh etmək mümkün deyil. Əslində, İranı ABŞ-la müqayisə etməyin özü də qüsurludur.  ABŞ, həqiqətən də, super gücdür. Bu səbəbdən də özünü həmişə haqlı sanır. Fəlsəfəsi də sadədir: güc – həqiqətdədir, həqiqət də gücdə. Sadə dillə desək, kim güclüdürsə, o da haqlıdır.


Qeyd: yazıda BBC-nin foto və materiallarından istifadə olunub. 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir