Manelərə rəğmən Cənubi Azərbaycanda övladlarına türk adları verən ailələr artıb

Güney Azərbaycanda bütün manelərə baxmayaraq övladlarına türk adları verən ailələrin sayı getdikcə artır.

Bu barədə Şərqi Azərbaycan Qeydiyyat İdarəsinin rəisi Əhəd Codi bu gün İRNA xəbər agentliyinə danışıb. O deyib:

Valdeynlər övladlarına türk adı verə bilər. Bu barədə heç bir məhdudiyyət yoxdur. Qeydiyyat İdarəsi bu istiqamətdə ailələrlə lazımi səviyyədə əməkdaşlıq edir”.

Əhəd Codi eyni zamanda  Qeydiyyat İdarəsinin türk adlarını qeydə almaqda maneçilik yaratdığını da etiraf edib. O bildirib ki, bəzi adların qeydə alınmasında müəyyən çətinliklər ola bilər. Bu barədə yekun qərar vermək üçün mərkəzə müraciət olunur. Lakin xüsusi problem yoxdur. Valdeynlər təyin edilmiş prosedura riayət edərək övladlarına şəxsiyyət vəsiqəsi ala bilər.

Qeydiyyat İdarəsi rəisinin sözlərinə görə, Şərqi Azərbaycanda son 9 ayda qız uşaqlarına ən çox Zəhra, Fatimə, Yəsna, Nazənin, Helma, Zeynəb, Rəha, Əsra, Aylın, Nəfəs, Selin, Helya, Aysu, Elay, Aysel, Rüqəyyə, Sevin, Aynaz və Reyhanə adları verilib. Oğlan adlarının arasında isə ən çox Əmirəli, Əbülfəz, Əli və Ayhan adlarına rast gəlinir.

Əhəd Codinin sözlərinə görə, bu müddətdə qeydə alınan adlar arasında Araz adı da çox olub.

İranda Qeydiyyat İdarələri uşaqlara türk adlarının verilməsinə müxtəlif bəhanələrlə maneçilik yaradır. Lakin dirəniş göstərən ailələr sonda övladlarına vəsiqə ala bilir. Belə hallara Güney Azərbaycanın bütün şəhərlərində rast gəlinir.

Bu gün “Əncümən Azərbaycan” “Teleqram” kanalının izləyicilərindən biri Qeydiyyat İdarəsinin rəisinin açıqlamasına münasibət bildirib:

“Deyirsiniz ki, Qeydiyyat İdarəsi türk adlarını qeydə almaqda ailələrə yardım göstərir. Çox gülüncdür! İnsanda sizin peşə vəzifənizə şübhə yaranır. Mən Qərbi Azərbaycan Əyalətinin Qoşaçay şəhərindənəm. İki il əvvəl minbir müsibətlə qızıma Sevilay adı ilə şəxsiyyət vəsiqəsi ala bildim”.

 


Mənbə: GünazTv

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir