Naxçıvan Bölməsində 2020-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Bölməsində 2020-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib

 

AMEA-nın Naхçıvan Bölməsində 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan tədbir keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında 2019-cu ildə əldə olunmuş nailiyyətlərdən söz açıb.

Respublikamızda bütün sahələrlə yanaşı, elmin inkişafına da dövlət tərəfindən daim diqqət göstərildiyini deyən İ.Hacıyev rəhbərlik etdiyi elmi qurumda 2019-cu ildə əldə olunan mühüm nailiyyətləri nəzərə çatdırıb. Bildirib ki, muxtar respublika ərazisində etnoqrafik və epiqrafiq, onomastik, dialektoloji və folklor, flora və faunaya dair tədqiqatların aparılması, qədim kitab və əlyazmaların toplanılması, o cümlədən elmi ekspedisiyaların təşkili, qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən analiz edilməsi bölmə əməkdaşları qarşısında duran əsas vəzifələrdən olub.

Alim ötən il bölmənin tərkibindəki elmi-tədqiqat müəssisələrində 7 mövzuya daxil оlan 37 işin 96 mərhələdə yerinə yetirildiyini deyib. Qeyd edib ki, bölmə əməkdaşları tərəfindən 18 monoqrafiya, 8 kitab, 1 kitabça, 3 metodik vəsait, 549 elmi məqalə, 225 konfrans materialı, 7 tezis olmaqla, ümumilikdə 811 elmi əsər çap edilib, 4 buklet və bir xəritə tərtib olunub. Monoqrafiyalardan 4-ü, elmi məqalələrdən 73-ü, konfrans materiallarından 57-i, tezislərdən 1-i xaricdə nəşr olunub. İ.Hacıyevin sözlərinə görə, əməkdaşların impakt faktorlu jurnallarda 37 elmi məqaləsi işıq üzü görüb ki, bunlardan da 10-u “Clarivate Analytics” siyahısına daxildir. Əsərlərə 287 istinad qeydə alınıb.

Akademik İ.Hacıyev 2019-cu ildə bölmənin iki seriya üzrə “Elmi əsərlər” və “Axtarışlar” jurnalının dörd nömrəsinin çapdan çıxdığını vurğulayıb. Bildirib ki, bölmədə, həmçinin “Naxçıvan Duzdağı” kitabı, “Nemətullah Naxçıvani: taleyi və sənəti” və “Ərtoğrul Cavid: taleyi və sənəti” məqalələr topluları çap olunub, “Naxçıvan tarixi-mənbələrdə” kitabı hazırlanıb.

Diqqətə çatdırılıb ki, ötən il bölmə əməkdaşları respublika və beynəlxalq ekspedisiyalarda iştirak edib, 4 tarixi-sənədli filmin elmi məsləhətçisi olublar.

Alimin sözlərinə görə, bölmə əməkdaşları tərəfindən Biləv alüminium süxurundan alınan alüminium sulfat və alüminium zəyinə dair iki ixtira tərtib edilərək Əqli Mülkiyyət Agentliyinə təqdim edilib.

İ.Hacıyev tədqiqat dövründə yerinə yetirilən qrant layihələrdən də danışıb, ötən il 2 respublika səviyyəli qrant layihəsinə yekun vurulduğunu diqqətə çatdırıb. Bildirib ki, 2-i beynəlxalq, 1-i respublika səviyyəli olmaqla 3 qrant layihəsinin icrası isə hazırda davam etdirilir.

Bölmə sədri qeyd edib ki, bununla yanaşı, “Tarixi abidələrimizi tanıyaq və tanıdaq”, “Tədqiqatdan tətbiqə”, “Əlyazmalarda Naxçıvan” layihələri çərçivəsində hamiliyə götürülən tələbələrin iştirakı ilə müxtəlif aktual mövzularda diskussiyalar təşkil edilib, praktik məşğələlər aparılıb, seminar, tədqiqatların metodologiyası öyrədilib, açıq dərslər keçirilib və bir çox digər işlər icra olunub.

Sonda İ.Hacıyev şöbə və laboratoriyaların komplektləşdirilməsi, ixtisaslı elmi kadrların hazırlanması, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və elmin istehsalatda tətbiqinə diqqətin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli çıxış edərək 2020-ci ildə qarşıda duran vəzifələrdən danışıblar.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir