Azərbaycanda yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması qaydası müəyyənləşib

Azərbaycanda yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması qaydası müəyyənləşib

Nazirlər Kabineti “Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi Qaydası”nı təsdiqdəyib.

 Qaydaya əsasən, əsas korpus  istehsal və digər texnoloji proseslərin birbaşa baş verdiyi əsas texnoloji sahə, elektrik və (və ya) istilik enerjisi istehsalı müəssisəsi (EİM) bərpa olunmayan yanacaq növündən istifadə edərək elektrik və (və ya) istilik enerjisi istehsal edən, ötürücü və ya paylayıcı elektrik şəbəkəsinə qoşulmuş istehsal müəssisəsi, salamatqalma rejimi müəyyən edilmiş istehlakçıların elektrik və (və ya) istilik enerjisi ilə davamlı təchizatını təmin etmək məqsədi ilə ötən son beş ilin ən soyuq ayını nəzərə alaraq, EİM-də avadanlıqların hesablanmış minimal elektrik və istilik yükü ilə qəzasız işini təmin etmək üçün zəruri olan iş rejimidir.

Yanacaq ehtiyatları dinc dövrdə və ya fövqəladə hallarda EİM-də etibarlı və davamlı işin təmin edilməsi üçün yaradılan yanacaq fondudur.

Bu Qayda bilavasitə və ya dolayısilə ölkənin vahid ötürücü və ya paylayıcı şəbəkəsinə qoşulmayan EİM-lərə şamil edilmir. Qaydanın şamil edildiyi EİM-lərin siyahısı Energetika Nazirliyi tərəfindən müəyyən olunur.

Yanacağın azaldılmaz ehtiyatlarının yaradılması və yığılması ilə bağlı maliyyələşdirilmə Nazirlər Kabinetinin 2009-cu il 10 iyul tarixli 106 nömrəri Qərarı ilə təsdiq edilmiş “Maddi sərvətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanılması, təzələnməsi və istifadə olunması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Yanacağın istismar ehtiyatlarının yaradılması ilə bağlı maliyyələşdirilmə EİM-in təsərrüfat fəaliyyətlərindən əldə olunan gəlirləri hesabına təmin edilir.

Əsas və rezerv yanacaq ehtiyatları bu Qaydaya uyğun olaraq müəyyən edilən həcm və nomenklatura uyğun olaraq EİM-lərin özləri tərəfindən yaradılır.  Qazdan əsas yanacaq növü kimi istifadə edən EİM-lərdə əsas yanacaq qismən və ya tamamilə olmadıqda, baza iş rejiminin dəstəklənməsi üçün rezerv yanacaq ehtiyatı (təbii qaz, soba mazutu, dizel yanacağı və digər növlərdə) olaraq, azaldılmaz və istismar ehtiyatları yaradılır.  Buxar-qaz qurğularına və (və ya) qaz-turbin qurğularına malik olan və əsas yanacaq növü kimi qazdan istifadə edən EİMlərdə əsas yanacaq tamamilə olmadıqda, işi dəstəkləmək üçün dizel və ya texnoloji prosesə uyğun digər yanacaq növündən ehtiyat yaradılır.Yanacağın azaldılmaz ehtiyatları onların istifadəsini əsaslandıran səbəblər aradan qaldırıldıqdan sonra mümkün olan ən qısa müddətdə yerinə bərpa edilir. EİM-də rezerv yanacaq ehtiyatı kimi bir neçə yanacaq növündən istifadə etmək imkanı olduqda, yaradılması məqsədəuyğun hesab edilən rezerv yanacaq ehtiyatının növü ilə bağlı müvafiq EİM tərəfindən təkliflər hazırlanaraq, Energetika Nazirliyinə təqdim edilir.

Yanacaq ehtiyatlarının hesablanması üzrə tövsiyə olunan metodologiyaların hazırlanması müstəqil ekspertlər və mütəxəssislər, məsləhətçi şirkətlər, elmi təşkilatlar cəlb edilməklə Energetika Nazirliyi tərəfindən həyata keçirilir.

Mənbə

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir