ABŞ-ın Yaxın Şərqdə nə qədər hərbi qüvvəsi var?

Bu sual İranla gərginlik fonunda ABŞ-ın bölgədə aqressiv siyasətini davam etdirəcəyini, İraqdan çıxmayacağını bəyan etməsindən sonra bir daha aktualdır.

Müxtəlif əcnəbi media mənbələrində təqdim olunan informasiyaya əsasən, ABŞ Yaxın Şərq bölgəsinə on minlərlə əsgər yerləşdirib və onların çoxu İranın yaxınlığındakı ölkələrdədir.  Digər mənbələrdə dərc olunmuş hərbi bazaların xəritəsinə nəzər yetirdikdə də, İranın hədəf olaraq ABŞ-ın “çəngəl”ində olduğu görünür.

İddialara görə və bir çox hərbi qaynaqlar tərəfindən təsdiqlənən məlumatlara əsasən,  bölgədəki 11 ölkədə  ABŞ-ın 60-70 min civarında əsgəri  xidmət göstərir.  Ölkələr üzrə:

İraq – Təxminən 6 000 ABŞ əsgəri. ABŞ rəsmiləri deyirlər ki, onların vəzifəsi İŞİD-lə ilə mübarizə aparmaqdır.

Suriya – Təxminən 800 ABŞ əsgəri. Onlar əsasən Suriyanın şimal-şərqində və Suriya-İordaniya sərhədi boyunca, Əl-Tanf hərbi bazasında yerləşdirilib. ABŞ onların neft obyektlərini qoruduqlarını və İŞİD-ə qarşı mübarizə apardıqlarını deyir.

Türkiyə – Təxminən 2 500 ABŞ əsgəri. Onlar İncirlik və İzmir Hərbi Hava bazalarında yerləşdirilib. İncirlik hava bazasında təxminən 50 taktiki nüvə silahı saxlanıldığı da iddia olunur – bu barədə rəsmi məlumat yoxdur. İzmir bazası isə NATO missiyalarını dəstəkləyir.

İordaniya – Təxminən 3 000 ABŞ əsgəri. Onların çoxu Muvaffaq Salti Hərbi Hava Bazasında yerləşdirilib və missiyası İŞİD-lə mübarizədir.

Səudiyyə Ərəbistanı – 3 000 ABŞ əsgəri. Onlar Şahzadə Sultan Hərbi Hava Bazasında yerləşdirilib. ABŞ onların bölgəni İranın düşmən hərəkətlərindən qoruduğunu deyir. Bəzi mənbələr əslində Səudiyyə Ərəbistanında daha çox sayda ABŞ güclərinin olduğu qənaətindədirlər.

Küveyt – 13 000 ABŞ əsgəri əsasən Əli Əl-Səlam Hərbi Hava bazasında və Arifcan düşərgəsinə yerləşdirilib. ABŞ-la Küveyt arasında 1991-ci il Körfəz müharibəsindən sonra Müdafiə Sahəsində Əməkdaşlıq razılığı var.

Bəhreyn – 7 000-dən çox ABŞ əsgəri Bəhra Hərbi Dəniz Bazasında yerləşdirilib.

Qətər – Təxminən 13 000 ABŞ əsgəri Əl-Üdeyd Hərbi Hava Bazasında və Əs-Səyliha düşərgəsində yerləşdirilib.

Birləşmiş Ərəb Əmirlikləri – 5 000 ABŞ əsgəri Əl-Dafra Hərbi Hava bazası və Ficariyə Hərbi Dəniz Donanmasında yerləşdirilib.

Əmman – 600 ABŞ əsgəri. RAFO Hərbi Hava Bazasında yerləşdirilib.

Əfqanıstan – 14 000-ə qədər ABŞ əsgəri Əfqanıstan boyu 6 bölgədə yerləşdirilib.

Suriyada nə qədər ABŞ əsgəri olduğu haqqında səhih məlumat yoxdur. Bəzi mənbələr onların sayını 800, bəziləri bir neçə min göstərir.  Bu bölgədə ABŞ əsgərlərinin missiyasını Pentaqonun rəsmən əməkdaşlıq edib silahlandırdığı, Türkiyənin terrorist elan etdiyi PKK-PYD terroristəri həyata keçirir – əsas funksiya coğrafi mövqeni qorumaqla yanaşı, neft-qaz yataqlarına, hasilatına və satışına nəzarət etməkdir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir