Xoşbəxt Yusifzadənin Pirşağıda oxuduğu məktəbdə yubiley tədbiri keçirilib

SOCAR-dan verilən məlumata görə, yanvarın 11-də Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli məktəbdə bu təhsil ocağının məzunu – görkəmli neftçi-alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə SOCAR rəhbərliyinin nümayəndələri, Sabunçu rayon İcra Hakimiyyətinin icra başçısı Adil Vəliyev, qəsəbə sakinləri, yubilyarın yaxınları iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin “Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin keçirilməsi haqqında” 2009-cu il 19 dekabr tarixli sərəncamına əsasən təşkil edilmiş mərasimdə yubilyarın həyat və fəaliyyəti haqqında iştirakçılara məlumat verilib. Daha sonra  yeni ekranlaşdırılmış “Azərbaycan neftçisinin rəmzi – akademik Xoşbəxt Yusifzadə” filmi nümayiş etdiriib. Filmdə akademik Xoşbəxt Yusifzadənin keçdiyi həyat yolundan bəhs olunub.

İlk olaraq söz akademikin məzunu olduğu 112 saylı məktəbin direktoru Xədicə Babayevaya verilib, o,  məktəbin tarixi və tanınmış məzunlarından bəhs edib, bu gün də məktəbin hər bir şagirdi üçün akademik Xoşbəxt Yusifzadənin bir ideal olduğunu bildirib.

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov yubiliyarın bir neftçi kimi məziyyətlərindən danışıb, qeyd edib ki, Xoşbəxt müəllimin həyatda qazandığı uğurların rəhni gündəlik fədakar əməkdir.

Tədbirdə Yusifzadələr ailəsinin yaxın dostu Akif Quliyev, qonşuları şair Oktay Sultan, Pirşağı poliklinikasının baş həkimi Ramidə İbrahimova çıxış edərək akademik Xoşbəxt Yusifzadə ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Sonda məktəbin şagirdləri yubilyarın şərəfinə hazırladıqları musiqili-ədəbi kompazisiya ilə çıxış ediblər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir