Ərdoğan: "Hafter əvvəlcə razılıq verdi, sonra Moskvadan qaçdı"

 

Dünən Moskvada  aparılan və son dərəcə gərgin keçdiyi söylənilən atəşkəs danışıqlarının sonucu fiasko ilə nəticələnib. Qiyamçı general Hafter Moskvanı sazişə imza atmadan tələm-tələsik tərk edib.

Halbuki, dünən axşam Rusiyanın Xarici İşlər naziri Lavrov və onun  türkiyəli həmkarı Çavuşoğlu  atəşkəs razılaşmasının əldə edildiyini açıqlamışdılar. Sərrac hazırlanmış sənədi imzalamış, qiyamçı Hafter isə mətni bir daha tədqiq etmək üçün sabaha qədər vaxt istəmişdi.

 Hafter niyə belə edib?

Bu hal  görüşün təşəbbüskarları və tərəflərin himayədarları Rusiya ilə Türkiyə üçün gözlənilməz sayıla bilər.  Hafterin atəşkəsə razılığını almış Rusiyanın iradəsinin əksinə çıxması Kremlin siyasi nüfuzuna zərbədir.

Əgər rəsmi Moskva  atəşkəs istəməsəydi bu təşəbbüsə qoşulmaz, Hafteri Rusiyaya çağırmaz, danışıqlar aparmazdı.

Çox güman ki, geosiyasi meydanda, Liviyada marağı olan və  Hafterə dəstək verən bəzi Qərb dövlətlərinin  Hafterə təsiri olub.

Liviyada aktiv (amma üzdə görünməyən və Hafterə dəstək verən) ölkələrdən İtaliya atəşkəsə tərəfdar çıxsa da, Fransa buna loyal yanaşmışdı.

Rusiya və Liviya mənbələrinin iddialarına görə, Hafter atəşkəs razılaşmasının əksər bəndlərini qəbul etsə də, biri ilə razılaşmayıb. Bu, hərbi qrupların buraxılma vaxtı ilə bağlı olub.

Əslində Hafter və ona dəstək verən  güc mərkəzləri Türkiyənin Liviyadan tez bir zamanda çıxarılması və  imzalanmış müqavilələrin ləğvi hayındadır.

Türkiyənin heç kimin gözləmədiyi yer və zamanda Liviya ilə son dərəcə strateji əhəmiyyətli iki müqavilə imzalaması regional oyunçuları çıxılmaz vəziyyətdə qoyub.

Türkiyə bu müqavilələrlə  Aralıq dənizinin şərq hövzəsini bütünlüklə nəzarəti altında saxlamaq imkanı əldə etməklə yanaşı, təhlükəsizlik zonasını xeyli genişləndirib. Üstəlik hövzədə enerji daşıyıcıları uğrunda mübarizədə mövqeyini hüquqi və fiziki baxımdan xeyli möhkəmləndirib. Anlaşmaların hərbi-strateji ətəmiyyəti də misilsizdir.

Bundan sonra nə baş verəcək?

Bugünkü nitqində Türkiyə Prezidenti “Hafter əvvəlcə razılıq verdi, sonra Moskvadan qaçdı” söyləyib  və “Biz öhdəmizə düşən hər şeyi etdik, indi hər şey Rusiyadan asılıdır” deyib. Eyni zamanda, məsələ hərbə qalsa, Türkiyənin Hafterə zəruri dərs verməyə hazır olduğunu  da qətiyyətlə ifadə edib.

Çox güman ki, Hafter hərb meydanında burnu ağrılı şəkildə ovulduqdan  və arxasındakı güclərdən ona fayda gəlməyəcəyini real olaraq hiss etdikdən sonra sülhə gələcək.

Görünür, hər zaman olduğu kimi yenə də haqlını güc müəyyənləşdirəcək…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir