Əfqanıstanda da qadınlar maşın sürür...

Yəqin siz də təəccübləndiniz. Çünki illərdir “Əfqanıstan”  deyəndə insanların gözünün qabağında əsasən müharibə, dağıntılar, silah-bomda, qan-faciə, gerilik canlanır. Qəribədir ki, illərboyu bu ölkədən, xalqdan heç bir sivil görüntü, məlumat təqdim edilməyib. Bu baxımdan Amerikanın səsi tərəfindən hazırlanmış  “Əfqanıstanda getdikcə daha çox qadın maşın sürür” başlıqlı video süjet və material  maraq doğurur.

Əfqanıstanda qadınlar bir çox sosial və mədəni tabuları aşmağa məcbur olublar. Buna maşın sürmək də daxildir. Əfqanıstanın Balx vilayətində qadınlara maşın idarə etməyi öyrədən Lailuma Ehsan deyir ki, qadınların maşın sürə bilmələri çox mühümdür.

Əfqan qadınları əvvəlkindən daha müstəqildirlər. Onlar fundamentalist Taliban rejimi 20 il öncə hakimiyyətdən devriləndən bəri böyük irəliləyişlər əldə ediblər.

Dünya boyu bir çox ölkədə qadınların maşın sürmələri adi hal olsa da, Əfqanıstanda bu hələ də belə deyil. Lailuma Ehsanın fikrincə:

Bu artıq bir mobil telefon kimi insanın günlük həyatının mühüm bir hissəsidir. Mən düşünürəm ki, maşın hər evə, bəlkə hətta hər insana lazımdır”.

O, bu  vəziyyəti dəyişmək niyyətindədir. Sürücülük vəsiqəsini alandan qısa müddət sonra başqa qadınlara maşın sürməyi öyrətməyə qərar verib. Bu səbəbdən də qadınlar üçün sürücülük məktəbi açıb.

Bir il boyunca işə maşınla gedib-gələndən sonra başqa qadınlar mənə yaxınlaşıb, onlara da maşın sürməyi öyrətməyimi istədilər. Mən də başqalarına xidmət etmək qərarına gəldim. Ona görə də, dörd il öncə bu məktəbi açdım”.

Ehsan inanır ki, avtomobil idarə edə bilmək insanı gücləndirir.

Mojda Hotak bu yaxınlarda sürücülük dərslərini bitirib, sürücülük vəsiqəsini alıb. O, Əfqanıstanda qadınların sosial təzyiqlərə qarşı çıxmalı olduqlarına inanır:

Biz təkcə cəmiyyətin deyil, həm də ailəmizin önümüzə qoyduğu çətinliklərlə üzləşirik. Amma fikrimcə, biz bu təzyiqlərə boyun əyməməliyik”.

Balx vilayətinin Yol Polis İdarəsi bildirir ki, vilayətin paytaxtı Məzar-i-Şərifdə rekord sayda qadın sürücülük vəsiqəsi alıb. Balx Nəqliyyat Təlim Mərkəzinin sədri Abdullah Səadət bildirib:

Biz Məzar-i-Şərifdə qadınların avtomobil idarə etməyi öyrənmək imkanlarının olmasına görə məmnunuq. Bu il biz 300-dən çox qadına sürücülük vəsiqələri vermişik, 200 qadın isə təlim keçir”.

Əfqan qadınları müstəqilliyə bir addım daha yaxınlaşdıqlarını hiss etsələr də, onlar hələ də sükan arxasında  təzyiqlərə məruz qalırlar. Hərçənd, bu hal təkcə Əfqanıstan üçün xarakterik deyil.

 

 


Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir