Meyxana  - nə deməkdir?

Meyxana janrı və meyxanaçılar  mütəmadi olaraq müxtəlif səviyyələrdə müzakirə olunur. Baxışlar və rəylər fərqlidir. Kimisinə bu folklor növünün adı, kimisinə özü xoş gəlmir. Təəssüf ki, bu zümrəyə  bəzi jurnalistlər, kulturoloqlar da aiddir.

Əslində, hər kəs məsələyə öz musiqi zövqü, dünyagörüşü üzərindən yanaşır. Yanlış olan da budur. Meyxana  “xoşum gəlir – lazımdır, yaxşıdır” və ya “bəyənmirəm – bayağıdır, yığışdırılmalıdır, dəyişdirilməlidir”  formulu ilə təhlil edilməməlidir.

Sənətşünaslığın elm olaraq öz dəyərləri, kriteriyaları var.  Yalnız bu konsepsiya ilə bu və ya digər sənətşünaslıq mövzusunda subyektivlikdən  qaçıb, obyektiv nəticəyə varmaq olar.


 

Abbasqulu Nəcəfzadə

Sənətşünaslıq elmləri doktoru, professor

Meyxana  – nə deməkdir?

“Meyxana” sözünə farsca yanaşdıqda: “mey” – şərab, çaxır, “xana” (xanə) isə ev, otaq mənalarını bildirir. Nəticə olaraq “meyxana” sözü ilk baxışda içki, şərab içilən yer kimi başa düşülür. Fikrimizcə, bu, heç də belə deyil.

Bəzi türkdilli ölkələrdə balaban alətinə də mey deyirlər. Burada çalğı alətinin adında “mey” sözü məcazi mənada işlənmişdir. Bu söz – mey dinləyiciyə xoş anlar bəxş edən, ona kef, nəşə verən çalğı aləti fikrini ifadə edir. Fikrimizcə, meyxana sözünün I hissəsi “mey” də bu mənanı bildirir. Daha dəqiqi, burada “mey” deyimi meyxanaçının qarşısındakını sanki valehedici, zövqverici, təsiredici, bihuşedici qüvvəyə malik sözləri ilə bir anlığa “məst” etməsi mənasında işlədilib.

Həqiqətən, 20-30 saniyə ərzində ustad meyxanaçının fikirləşmədən, ətrafda baş verən hadisələrə uyğun olaraq, bədahətən şeir formasında meyxanalar söyləməsi, çox dinləyiciləri vəcdə gətirir, onları şoka salır və “bihuş” edir. Beləliklə, janrın adındakı “mey” heç də həqiqi mənada insanı sərxoş edən içki mənasında deyil. Buradakı “mey” – Allahla ruhlar arasında “Bəzmi ələst”lə əhdü-peyman zamanı içilən vəhdət-birlik “şərab”ıdır. Bu barədə söz deyən haqq şairləri, haqq aşıqları həmin meyi müqəddəs Qurani-Kərimdə vəsf edilən cənnət meyi ilə əlaqələndirirlər. Ürfan ədəbiyyatında, eləcə də çalğı aləti mənasında da “mey” dedikdə bu fikirlər nəzərdə tutulur.

Filologiya elmləri doktoru, professor Nizami Tağısoy “mey” sözünün çaxır olmadığını və ərəblərin çaxıra “xəmir” dediklərini söyləyir. O, “mey” sözünün bir neçə mənasını açıqlayır: 1. “Eşq şərabı”; 2. “Çirkabdan paklığa aparan yol, vasitə”; 3. “Yerdən göyə doğru hərəkət”; 4. “İnsanın təkamülə doğru uçuşu”; 5. “Hər cür bağlılıqdan azadolma, nicattapma yolu”; 6. “Məğanın çırağı, atəşi”; 7. “Göz yaşı”; 8. “Eşq, məhəbbət”; 9. “Eşqin qələbə çalması, qalibiyyət”; 10. “Eşqin ürəkdə qovğa, şur etməsi”; 11. “Həyəcan”; 12. “Can, ruh, eşqin peymanəsi” (Tağısoy N. Meyxanənin poetikası. B.: Çaşıoğlu, 2011, s. 73-80).

“Meyxana” sözünün digər komponenti “xana” isə “xani”nin təhrif olunmuş deyimidir. Bu söz farscadan dilimizə “oxuyan”, “söyləyən” kimi tərcümə olunur. Meyxana adi şeir deyil, o mütləq bədahətən, çırtma vuraraq və ya zərb alətlərindən hər hansı birisinin müşayiəti ilə oxunmalıdır. Deməli, meyxana (meyxani) sözü təblə oxuma, dinləyicini cuşa gətirən, ona xoş anlar bəxş edən mənalarını bildirir.

Xatırladaq ki, “xani” xanəndə sözünün köküdür. “Xan” sözündən Azərbaycan milli vokal sənətində çox istifadə edilir. Məsələn, “zilxan” – zil səsi olan və zildə oxumağı sevən xanəndə; “miyanəxan” – orta registrdə oxuyan xanəndə; “pəstxan” – bəm səsli və bəmdə oxumağı xoşlayan xanəndə. Bu terminlər ifaçının (xanəndənin) səs tessiturasını təyin edir (Rəmzi N. Mahnılar və qəzəllər. B.: Min bir mahnı MMC, 2004, s. 5-6) Dahi Üzeyir Hacıbəyli (1885-1948) “Azərbaycan musiqi həyatına bir nəzər” məqaləsində yazır: “Xanəndə üçün dəstgah oxumağın yaxşılığı ondadır ki, müəyyən bir hava və bir bəhr qeydi altında olmayıb, öz “fantaziya”sına geniş bir meydan açır və səsini “bəm”, “zil”, “meyxana” kimi müxtəlif “tessitura”larla işlədir” (Hacıbəyli Ü.Ə. Bədii-publisistik əsərlər. B.: Şərq-Qərb, 2008, s. 497).

Həqiqətən, meyxanalar nə bəmdə, nə də zildə söylənilir. Bir qayda olaraq sözlərin daha aydın tələffüzü üçün orta registr seçilir ki, bu səs tessuturasını da Ü.Hacıbəyli “meyxana” adlandırır. Bəlkə də “meyxana”nın sözaçımını belə məqamlarda araşdırmalıyıq (Nəcəfzadə A.İ. Azərbaycan idiofonlu çalğı alətləri (orqanoloji-tarixi tədqiqat). B.: MBM, 2010, s. 65-66).

Bir məqama da diqqət yetirmək istəyirik. Meyxananın poetik tərəfi daha güclü olduğundan o, şair təxəyyülünün məhsulu kimi qəbul edilməlidir. Bu mənada da qələm sahibləri arasında fikir ayrılığı var. Tanınmış alim, professor Nizami Tağısoy deyilənlərə öz iradını bildirir ki, biz nitqimizdə tez-tez keçmişdən bu günə qədər “xan-şair”, “nəğməkar-şair”, “bəstəkar-şair” və s. ifadələri işlədirik. Bu tipli söz birləşmələri – simbioz dərkimizdə diskomfort yaratmır, bizi qıcıqlandırmır (Tağısoy N. Etnos və epos: keçmişdən bu günə. B.: Mütərcim, 2010, s. 172-173).

N.Tağısoy daha sonra haqlı olaraq yazır: “Bəs onda görəsən “meyxanaçı-şair” ifadəsi bizi nə üçün qıçıqlandırmalıdır? Şeir-şair-qəzəlxan-nəğməkar-bəstəçi-meyxanaçı – hamısı bir-birinə yaxındır, hamısının da materialı sözdür – ecazkar Söz, düzümlü Söz, qəlbə hakim kəsilən Söz, onu riqqətə gətirən, hiss və duyğularımıza təsir edən, bizi sərməst edən Söz. Yəqin elə bu baxımdan meyxanaçılar sırasında qəzəl, şeir yazanlar olduqca çoxdur” (yenə orada, s. 173).
Tanınmış aktyor, kinorejissor, Xalq artisti Əbdul Mahmudov bildirir ki, bugünkü meyxana əvvəllər “meydanxana” adlanıb. Yəni şairlər meydanda deyişib, meyxanaçılar meydana çıxaraq insanlar qarşısında qafiyə ilə “mübahisə” edib, bununla da zirəkliklərini, poetik istedadlarını, eyni zamanda yumor hisslərini nümayiş etdiriblər (Zeynal M. Söz savaşı, yoxsa ağlın məşqi. // “Region plus”).

Meyxananın “bədiyyə” (yaxud bədyə, bədihə) adlanmasını arzulayanlara isə sənətşünaslıq elmləri doktoru, professor Aytac Rəhimovanın əsərini oxumağı təklif edirəm. Burada bədihə meyxana janrının söyüşlü növü kimi təqdim olunur (Rəhimova A.E. Azərbaycan musiqisində meyxana janrı. B.: Nurlan, 2002, s. 17). Bu məqamda Abşeron-Xızı bölgəsində çox işlədilən bir el deyimi yada düşür: “Bədyə-bədyə danışma”. Burada “bədyə danışmaq” ağzına gələni dilə gətirmək deməkdir. El dilində deyilən bu fikir bədyənin etik çərçivədən kənar işlədilən ifadə olduğunu təsdiqləyir.
Təxminən eyni olan həmin fikirlərə filologiya elmləri doktoru, professor Zaman Əsgərlinin (1953-2018) yazılarında da rast gəlirik: “Meyxanada tərəflər bir-birinin nöqsanını adətən, çox incəliklə, təhqirə yol vermədən söyləyirlər. Bədyənin leksikasında isə kobud sözlərə, hətta tabulara, parnoqrafik ifadələrə yer verilir” (Əsgərli Z. Meyxana, yoxsa bədyə. “Ədəbiyyat qəzeti”, 2010, 18 iyun, s. 6). 1963-cü ildə dahi Əliağa Vahid də “Ay bədyaxan oğlan” və “Özün öl” adlı həcv-meyxanalar söyləyib.

Biz “Meyxana” sözünə ətraflı münasibətimizi bildirmişik.  Jurnalist, AMEA-nın dissertantı Vüsal Mətləboğlunun bu janrın adının dəyişdirilməsi təklifinə heç bir lüzum görmürük (Mətləboğlu V. Azərbaycan ədəbiyyatının şifahi qalan janrı. “Mədəniyyət”, 2009, 26 iyun, s. 13).

Tarix elmləri doktoru Təvəkkül Səlimov-Şağani də meyxana sözündə problem görmür: “Hər halda bu gün həmin janrın adı olan “meyxana” bizi qətiyyən narahat etməməlidir. Çünki bu janr elə cəlbedici və maraqlıdır ki, onun adının mənası o qədər də önəm daşımır. Məsələ formada yox, mahiyyətdədir” (Səlimov-Şağani T. Nadir folklor janrı – meyxana).

Herodot 2400-2500 il bundan əvvəl Abşeronda bədahətən şeirlər deyilməsindən söz açır-  onda bu ərazilərdə fars dili hakim dil deyildi. Abşeronda həmin dövrdə əhali yalnız Oğuz türkcəsində danışırdı. Meyxana sözündəki “mey”in nə janra, nə çalğı alətinə (balabana mey də deyirlər) heç bir aidiyyəti yoxdur.

Bütün ərəb ölkələrinin, farsca danışan məmləkətlərin heç birində meyxana janrı yoxdur. Bu da, həm sözün, həm də janrın fars, yaxud ərəb xalqlarına aid olmadığını təsdiqləyir.

Şərh yaz

1 Şərh

  1. Çox maraqlı və gözəl fikirlər , araşdırmalar , analizlər aparılıb, indiyə qədər meyxananın adının mahiyyətini belə çalarları ilə eşitməmişdim, çox məmnun oldum. 7-gun.com kollektivinə dərin minnətdarlığımı bildirirəm və uğurlar arzulayıram.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir