Dövlət imicini reabilitasiya etməyə çalışan İran məsuliyyətsiz bəyanatlar verir

İranın “misli ilə cavab” tədbiri adlandırdığı İraqdakı hərbi bazaya raket hücumunda 8 amerikalı əsgərin  xəsarət aldığının ABŞ mənbələrinin etirafından sonra  rəsmi Tehrandan  Vaşinqtona qarşı təhdidlər  bir qədər də güclənib.

İranın “Mehr” xəbər agentliyinin yaydığı xəbərə görə, İranın Baş Qərargah rəisi Məhəmməd Bakiri Vaşinqtonu  tərzini dəyişməyəcəyi təqdirdə  daha sərt cavab alacağı ilə hədələyib.

Analoji bəyanatla İranın Müdafiə naziri Əmir Hatəmi  hərbi məktəb kursantları qarşısında çıxış edib. O, bütün  qarşıdurmaların  sona çatması üçün ABŞ-ın bölgədən çıxmalı olduğunu söyləyib.

Nazir Amerikanın ölkəsinin  “raket gücünü görüb”,  İranın  qətiyyəti  qarşısında  təslim olduğunu  iddia edib.

İranın Ukraynaya aid sərnişin təyyarəsini  yanlışlıqla raketlə vurması fiaskosundan sonra  bu sayaq bəyanatlar istehza, eyni zamanda qayğı hissi doğurur.

Şübhəsiz, İran xalq arasında, eləcə də beynəlxalq  aləmdə sarsılmış  dövlət imicini reabilitasiya etməyə çalışır. Bununla belə,  Tehran ideoloqları məsuliyyətsiz bəyanat və hərəkətlərin  bölgəni hansı fəlakətə sürükləyə biləcəyini də diqqətdən qaçırmamalıdırlar.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir