Afinanın "təşəbbüs"ləri türk və yunan əsgərlərini Liviyada üz-üzə gətirə bilərmi?

Liviya məsələsində  “oyundankənar vəziyyət”də qalan Yunanıstan  aktiv  mövqe arayışındadır.

Hafterin gizli Afina səfəri  Yunanıstanın qiyamçılara  dəstək verdiyinə  dəlalət etsə də, Almaniya onu Berlin konfransına dəvət etməyib.

Yunanıstan bu durumdan açıq narazılığını ifadə edib “mən də varam” deməyinə rəğmən Almaniya ikinci dəfə rəsmi Afinanın dəvətlilər sırasında olmadığını açıqlayıb.

Şübhəsiz, yunanlar bu vəziyyətdən narazıdırlar və təsadüfi deyil ki, digər ölkələr Liviyada sülh yaratmaq ümidi ilə diplomatik formullar arayarkən Yunanıstan hökuməti  Liviyaya əsgər göndərmək sevdasına düşüb.

Bu barədə Yunanıstanın Xarici İşlər naziri Nikos Dendilas danışıb.  Yunan hökuməti   tərəflər arasında atəşkəsə nəzarət etmək üçün ora hərbi kontingent göndərməyi  təklif edir. Amma hansı hüquqi əsasla – bu barədə bir söz deyilmir.

Görünür, Türkiyənin Liviyada hərbi varlığı Yunanıstanı çox narahat edir. Lakin  yunan rəsmiləri unudurlar ki, Türkiyə bunu Liviyanın leqal hökuməti ilə ikitərəfli saziş  – hüquq əsasında edib.

Beynəlxalq ekspertlər Yunanıstanın Liviyaya əsgər göndərməsi halında  oradakı Türkiyə hərbçiləri ilə toqquşma ehtimalından bəhs ediblər.

Yaxın Şərq üzrə rusiyalı mütəxəssis  Aleksey Xlebnikov  Yunanıstanın ölkə xaricində hərbi əməliyyatlar  aparmaq imkanında olmadığını bildirib.  Xlebnikova görə Yunanıstan diqqət çəkmək, Avropa Birliyinin (AB) böyük dövlətləri Almaniya və Fransanın yanında “boy” almaq istəyir. Bu səbəbdən  Afina gərginlik istəməyən AB-nin  iradəsi xaricində Liviyaya əsgər göndərməyəcək.  Göndərsə belə, bu, Hafterə üstünlük  gətirməyəcək.

Londonda yaşayan jurnalist, internet resurs rəhbəri  Əbdül Bari Atvan Liviyada Türkiyənin qarşısına Yunanıstanın çıxarılacağını düşünür. O, daha sonra savaşa super güclərin qoşulacağını, nəticədə  NATO-nun parçalana biləcəyini də ehtimal edib.

Yunanıstanın keçmiş səfiri, diplomat   Leonidas Chrysanthopoulos  “Rusian Today”ə ölkəsinin Liviyaya əsgər göndərəcəyinə inanmadığını, bu baş verərsə, bölgədə konfrontasiyanın daha da artacağını söyləyib…

Hər halda, qiyamçı Hafterin Yunanıstana gizli  gedişi turist səfəri olmayıb və bunun konturları sabah başlayacaq Berlin konfransında  görünəcək…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir