Hafter çoxgedişli şahmat oynayır və ya Putinə son məktubunun  anlamı nədir?

Qiyamçı Hafter bir daha siyasi manevr edib – Almaniyada keçiriləcək beynəlxalq formatlı sülh danışıqları öncəsi eynən Moskva  görüşü ərəfəsində  olduğu kimi  müzakirələrə və atəşkəsə hazır olduğunu bəyan edib.

Oxşar qaydada   Almaniya nümayəndələrini də arxayın salacaq  bəyanatlar verib, şərtsiz atəşkəsə razı olduğunu bildirib.

O, bunu Moskvaya getməzdən  qabaq da  qətiyyətlə söyləmişdi. Amma Türkiyə Prezidentinin  dediyi kimi “masada da qiyam edib, sazişə imza atmadan Moskvadan qaçmışdı”. Halbuki, səhərəcən vaxt istəmişdi…

Maraqlıdır ki, Moskvadan ayrıldıqdan sonra da razılaşmadan qaçmadığını demiş, Kremli daha iki gün  səbrə çağırmışdı. Lavrov da bunları dünyaya təkrarlamışdı…

Almaniya konfransı təşəbbüsünə də həvəslə qarşılıq  verən  qiyamçı Hafterin niyyəti nədir?

Bəllidir ki, Hafterə Rusiyadan başqa bir sıra dövlətlər (bilavasitə və ya dolayısı ilə) hərbi-siyasi dəstək verir.  Çox güman ki, Hafter bir güclü havadarının  iradəsini  birmənalı olaraq qəbul edib, digərlərini özündən incik salıb itirmək istəmir. Bu səbəbdən Rusiyanın çağırışına müsbət cavab verib,   eyni zamanda bir bəhanə ilə masadan qalxıb digər oyunçuların da prosesdə iştirakınına çalışıb.  Hafter bu istəyinə çatmaq üzrədir…

Amma nəzərdən qaçırılan bir məqam var: Hafter Rusiyanın beynəlxalq nüfuzuna xələl gətirəcək addım atıb. Şübhəsiz, Rusiya onun sözünə güvənməsəydi Moskva görüşünü təşkil etməzdi.

Rusiya bu sayaq özfəaliyyəti bağışlayacaq dövlət deyil.  Hər halda, Hafter də bunu bilir və oynadığı siyasi şahmat  partiyasında gələcək gedişlərlə bu “qırışığı” ütüləməyə, beləcə, arxasındakı bütün gücləri qoruyub, eyni statusda saxlamağa səy göstərəcək.

Elə bunun təzahürüdür   ki, Hafter  Berlin konfransına iki gün qalmış Rusiya Prezidenti Putinə  şanlı bir məktub yazıb. Məktubun tam mətninə diqqət edək:

Rusiya Federasiyasının Prezidenti, hörmətli cənab V.V.Putin, mənim əziz dostum!  Sizə Rusiya Federasiyasının Liviyada sülhün bərqərar və sabitliyin yaradılması üçün göstərdiyi fəaliyyətə görə şəxsən təşəkkürümü və  minnətdarlığımı bildirirəm.

Sizə təşəkkür edir və Rusiyanın Liviyaya sülh gətirəcək Moskvada danışıqların aparılması təşəbbüsünü bütünlüklə dəstəklədiyimi  bəyan edirəm.

Başlanmış dialoqun davam etdirilməsi üçün Sizin Rusiya Federasiyasına dəvətinizi qəbul etməyə hazır olduğumuzu təsdiq edirəm.

Dərin hörmət və minnətdarlığımızı qəbul edin”.

Maraqlı və sual dolu məktubdur.  Hafter əziz dostunun könlünü almaqla yanaşı, Moskva danışıqlarının davamı üçün Rusiyaya dəvəti qətiyyətlə qəbul etdiyini bildirir.

Onda sual olunur:

Almaniyada – Berlin konfransında  danışıqların nəticəsi nə olacaq, ümumiyyətlə, olacaqmı?

Hafterin bu məktubu onu deməyə əsas verir ki, o,  daha bir manevrə hazırlaşır. Çox güman ki, Berlində  atəşkəs və sülh anlaşmasının hüquqi bazası yaradılmağa və bunun icrasının beynəlxalq missiyaya həvalə edilməsinə çalışılacaq.  Amma Moskvada imzalanması gözlənilən formatda heç bir sənəd imzalanmayacaq.

Beləcə, Hafter  növbəti Moskva danışıqları üçün zəmin yaradacaq. Əvəzində bütün maraqlı tərəflər prosesə qoşulacaq. Bu, əslində, sülh danışıqlarını bir az da ağırlaşdıracaq.

Hafter belə şəraitdə həm özünə bütün tərəflərin dəstəyini təmin  edəcək, həm də vaxt qazanacaq. Bu vaxtdan “səmərəli” istifadə edib Trabusu ələ keçirməyə, leqal hökuməti devirməyə çalışacaq.

Hafterin bu çoxgedişli strateji planının üzdə sülh təşəbbüskarı olan bəzi dövlətlərin dəstəkləyəcəyini də nəzərə alsaq, Liviyada silahların tezliklə susacağını, ölkəyə sülh gələcəyini düşünmək sadəlövhlük olar…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir