ABŞ-ın Qonolulu şəhərində naməlum şəxs atəş açıb: 2 polis həlak olub

 ABŞ-da atışma olub

Naməlum şəxs ABŞ-ın Oahu (Havay ştatı) adasının Qonolulu şəhərinin Vaykiki ərazisində atəş açıb.

Bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) nümayəndəsi Derek Heysə istinadən CNN teleşirkəti bildirib.

“Biz Vaykikidə atəş açan şəxsə reaksiya veririk. Vəziyyət nəzarət altındadır”, – FTB-nin nümayəndəsi deyib.

O, hadisə zamanı ölənlərin olub-olmamasını açıqlamayıb.

Öz növbəsində Qonolulu polisi özünün “Twitter” səhifəsində bir neçə küçənin bağlanması barədə bildirib.

“Hawaii News Now” telekanalı isə hüquq-mühafizə orqanlarındakı mənbəyə əsasən hadisə zamanı azı 2 polis əməkdaşının öldürüldüyünü xəbər verib. Bildirilir ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs yaşadığı evdən çıxarılıb. O, bundan sonra bıçaqla evin sahibinə xəsarət yetirib. Şübhəli şəxs hadisə yerinə gələn polis əməkdaşlarına da atəş açıb. Asayiş keşikçiləri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Telekanal onların nə vaxt ölməsi barədə məlumat verməyib.

Məlumata görə, cinayətkar bundan sonra evi yandırıb. Nəticədə alov qonşu binaya da keçib, habelə bir neçə avtomobil alışıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.


Mənbə: Report

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir