AŞ PA-nin seçkilərin monitorinqi missiyası media nümayəndələri ilə görüşüb

Dünən Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda parlament seçkilərini monitorinq missiyasının üzvləri ilə bir sıra media və jurnalist təşkilatları nümayəndələrinin görüşü keçirilib. Görüşdə Kütləvi İnformasiya Vasitələri (KİV) və parlament seçkiləri mövzusu müzakirə olunub.

Monitorinq missiyasının üzvlərini KİV azadlığı, medianın seçkilərin işıqlandırılmasına cəlb edilməsi və namizədlərin seçkiqabağı təşviqatında iştirakı ilə bağlı məsələlər maraqlandırıb.

AŞ PA üzvlərinə KİV-də, xüsusən də İctimai TV-də bəzi müsbət tendensiyalar barədə məlumat verilib. Bu, KİV kuratoru, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdirinin vəzifədən kənarlaşdırılmasından sonraya təsadüf edib.

Eyni zamanda KİV-in fəaliyyəti üçün ciddi problemlərin qaldığı, xüsusən də medianın dövlətdən iqtisadi və siyasi asılılığının qaldığı vurğulanıb.

Qeyd olunub ki, əsas informasiya mənbələrinin – televiziya kanallarının seçkiqabağı təşviqatda iştirakdan imtina etməsi “Televiziya və radio yayımı haqqında” qanunun və vətəndaşların seçkilər kimi vacib bir hadisə ilə bağlı məlumat əldə etmək hüququnu ciddi şəkildə pozur.

“Televiziya kanalları ictimai maraqların təmin edilməsini, plüralizm, balans və obyektivlik prinsiplərinə riayət olunmasını tələb edən “Televiziya və radio yayımı haqqında” qanunu kobud şəkildə pozur. Televiziya və Radio Şurasının bu kobud qanun pozuntusuna reaksiyasının olmaması onu göstərir ki, bu siyasətin arxasında dövlət dayanır”,  – bunu  Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib.

 


Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir