Biləsuvarda 2 İran vətəndaşı 16 kilo narkotik və silah-sursatla tutulub

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə 16 kiloqramdan çox narkotik vasitəni Azərbaycana keçirən 2 İran vətəndaşını saxlayıb.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Arazbarı kəndi ərazisində 2 nəfər İran İslam Respublikası vətəndaşı – Rövşən Nusrəti və Rəsul Modiri saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Polis Şöbəsində onların əlində olan qara çantaya baxış keçirilərkən oradan 5 kiloqram 500 qram narkotik vasitə heroin, 5 kiloqram 300 qram narkotik vasitə tiryək, 5 kiloqram 600 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid 6 ədəd patron, 1 ədəd qaz balonu və 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.

Həmin şəxslərin bildirdiyinə görə, narkotik vasitələri İran vətəndaşı olan Əli adlı şəxsin sifarişi ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətiriblər. Saxlanılan şəxslər narkotik vasitələri əvvəlcədən müəyyən edilmiş yerdə gizlədəndən sonra geri qayıtmalı imişlər.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırmalar aparılır, əməliyyat tətbirləri davam etdirilir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir