Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)

Türkiyənin Elazığ  rayonunun Sivrice  bölgəsində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.   Səth zəlzələsi  yerin 6,75 kilometr dərinliyində baş verib.

Daxili İşlər naziri S.Soylu ilkin məlumatlara görə ciddi dağıntıların, can itkisinin  olmadığını, iki nəfərin yaralandığını açıqlayıb. Sivricedə 4-5 binanın dağıldığı, bir çoxunun zədələndiyi bildirilib.

Daha sonra Süleyman Soylu Malayta Doğanyolda bir nəfərin həlak olduğunu söyləyib.

Kandilli rəsədxanası  qeydə alınan zəlzələnin 6,5 bal gücündə olduğunu dəqiqləşdirib.

Bölgə əhalisi küçə və meydanlara yığışıb. Fasilələrlə kiçik gücdə yer titrəyişləri  davam etdiyindən insanlar təşviş içində daha böyük zəlzələnin baş verəcəyindən ehtiyatlanırlar.

 

23:20

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu zəlzələdə iki nəfər Elazığda, iki nəfər də Malatyada olmaqla 4 nəfərin həlak olduğunu açıqlayıb.

 

25 yanvar – 00:45

Zəlzələdə həyatını itirənlərin 8 nəfər olduğu bildirilib.: Malatyada 5, Elazığda 3 nəfər… Yaralananların sayı bir neçə yüzlə ifadə olunur.

Bölgədə bəzi tikililərin – ev və binaların dağıldığı, dağıntılar altında insanların qaldığı bəlli  olub. Xilasetmə  işləri görülür.

Kandil rəsədxanasının müdiri  tektonik layda təxminən 40 kilometr qırılma olduğunu düşündüklərini söyləyib.

 

01:07

Türkiyə xəbər agentlikləri həlak olanların saynın  14-ə yüksəldiyini açıqlayıb.

 

8:50

Daxili İşlər Nazirliyinin açıqladığı məlumata görə,  zəlzələ nəticəsində 22 nəfər həlak olub. Yaralıların sayı mindən çoxdur.

Elazığda 30 nəfərin dağıntı altında qaldığı bildirilir.  Elzazığda 5, Malatyada 25 bina tamamilə dağılıb.

Ötən müddətdə əsas 6,8 ballıq təkandan sonra bölgədə 184 afterşok  — əsas seysmik zərbə ilə müqayisədə intensivliyi daha kiçik olan təkrar seysmik təkanlar qeydə alınıb.

13:00

Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri yüksək dəqiqliklə davam etdirilir. Təbii fəlakətin baş verdiyi Elazığ-Sivrice ərazisinə 1865 nəfərlik axtarış-xilasetmə heyəti və 266 vasitə cəlb edilmişdir. Zərərçəkənlər 8856 çadır, 17 188 çarpayı, 34 467 ədyal, 524 ədəd yataq dəsti, 1563 isidici ilə təmin olunublar. Əyalətdə 3 GSM operatoru ödənişsiz telekommunikasiya xidməti göstərir.

6,8 bal gücündə, 7,03 km dərinlikdə baş vermiş zəlzələ nəticəsində 22 nəfər həyatını itirib, 1031 nəfər yaralanıb.

14:35

AFAD-ın ( Fəlakət və Təcili Vəziyyəti İdarəetmə Nazirliyi ) “Twitter” hesabından Elazığdakı zəlzələ zonasına 3420 axtarış-xilasetmə heyəti, 17 axtarış-xilasetmə iti və 482 texnika sövq edildiyi bildirilir. Fasiləsiz davam edən operativ işlər nəticəsində indiyədək 40 nəfər dağıntıların altından sağ çıxarılmışdır.

14:55

Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Elazığa getdi.

15:16

Türkiyənin Kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirlinin verdiyi məlumata görə, Elazığ bölgəsində (Malatya, Elazığ, Bingöl və Tuncəli vilayətləri ) yerləşən 47 anbar və gölməçə, Diyarbəkir bölgəsindəki ( Diyarbəkir, Batman, Mardin, Şırnaq, Siirt vilayətləri ) 30 anbar və gölməçə texniki heyət tərəfindən tədqiq edilmiş, hər hansı ziyan təsbit olunmamışdır.

15:30

Dağıntılar altından xilas olunan insanların sayı 41 nəfərdir.

16:59

Qızılaypara özünün “Twitter” hesabından etdiyi paylaşımda Elazığın Sivrice vilayətindəki zəlzələdən sonra operativ müdaxilə planı çərçivəsində bölgəyə 206 Peşəkar Zəlzələ Heyətinin təhkim olunduğunu, 33 Qabaqcıl Xəbərləşmə Vasitəsinin də dəstəni müşayiət etdiyini bildirib.

17:11

Elazığın Mustafa Paşa Məhəlləsindəki dağıntıların altından bir qadın 19 saat sonra sağ çıxarıldı.

18:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığ Şəhər Xəstəxanasında yerləşdirilən yaralıları ziyarət etdi.

26 yanvar – 16:00

Elazığın Sivrice rayonunda baş verən 6,8 bal gücündəki zəlzələ nəticəsində həyatını itirən insanların sayı 36 nəfərdir. AFAD heyəti dağıntıların altından 45 nəfərin həyatını xilas edib. 1607 yaralı var.

İlkin təsbitlərə görə, 72 bina dağılmış, 514 bina ağır, 409 bina isə az və orta dərəcəli zədələnib.

19:00

Fasiləsiz fəaliyyət göstərən çevik axtarış-xilasetmə heyəti dağıntılar altından 45 nəfər insanın həyatını xilas edib. Zəlzələ nəticəsində insan itkisinin sayı 38 nəfərdir.

27 yanvar 10: 02

 

Səlahiyyətli orqanların (AFAD) açıqladığı son məlumata əsasən, dağıntılar altından 45 nəfər sağ olaraq xilas edilib.

Zəlzələdə (Elaziğdə 35, Malatyada 4) 39  nəfər  həlak olub. Xəstəxanalara müraciət etmiş 1 607 vətəndaşdan 1 516-ı nəfəri evə buraxılıb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir