“Traxtur” Tehranın “Azadi” stadionunda baş vermiş hadisələrlə bağlı bəyanat yayıb

Güney Azərbaycanın “Traxtur” futbol klubu bazar günü Tehranın Azadi stadionunda “Perspolis”lə görüşdə baş vermiş  hadisələrlə bağlı bəyanat yayıb:

“Təəssüflər olsun ki, “Perspolis”lə “Traxtur”un görüşündə baş verən hadisələr nifrət yaymaqdan başqa heç nə deyildi. Görüşə ev sahibliyi edən komandanın tərəfdarları oyundan sonra sosial şəbəkələrdə təhqiramiz bir video yayıblar. Tərəfdarların bu dərəcədə təhqirə yol verməsi yeni hadisə sayıla bilər.

Ölkə əhalisinin bir qismini kobud şəkildə aşağılamaq böyük təəssüf doğurur. Ölkənin mənafeyini düşünən heç kim qövmlərin aşağılanmasına icazə verməz.

Görəsən bu hadisələr Təbrizdə baş versəydi, məsullar necə reaksiya verərdi? Paytaxt komandaları Təbrizdə oynadığı zaman oyundan iki gün əvvəl və bir neçə həftə sonra hadisələr izlənilir. Görəsən indi nəyə görə susublar?

Əslində stadionda oyun zamanı baş verənlər, oyundan sonrakı hadisələrdən az deyildi. Hakim verdiyi yanlış qərarları ilə azarkeşlər arasında çaxnaşmanı artırmaqla yanaşı, “Traxtur” komandası və onun tərəfdarlarının haqqını tapdalamış oldu.

“Traxtur” klubu “Perspolis” tərəfdarlarının bu hərəkətini kəskin pisləyərək təhqirə yol verənlərin qanun çərçivəsində cəzalandırılmasını tələb edəcək.

Yerli məsullar və ölkənin rəsmi şəxslərindən Azadi stadionunda baş verən hadisələrə reaksiya vermələrini və “Traxtur” klubuna bu istiqamətdə yardım etmələrini gözləyirik”, – deyə bəyanatın bir hissəsində qeyd olunub.

Xatırladaq ki, “Traxtur”-“Perspolis” görüşü yanvarın 26-da Tehranın Azadi stadionunda keçirilib. Oyun boyu “Perspolis” tərəfdarları rəqib komanda və Azərbaycan türk millətini kobud təhqirlərə məruz qoyub. Sonda oyun hakimin qərəzli və yanlış qərarlarının nəticəsi olaraq 2:0 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.

İran Gənclər və İdman Nazirliyinin dəstək verdiyi komandanın tərəfdarları yalnız görüş zamanı deyil, oyun bitdikdən sonra da təhqiramiz hərəkətlərini davam etdiriblər.

Oyundan sonra Azərbaycan komandası və türk millətinə qarşı yönələn olduqca təhqiramiz bir video sosial şəbəkələrdə paylaşılıb. Bu göstərir ki, panfarsistlərin Azərbaycana qarşı təhqirləri yalnız stadionla məhdudlaşmır.

 


Mənbə: GünazTv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir