Səudiyyə Ərəbistanının səfiri: "Azərbaycan millisi ilə dünya çempionatında qarşılaşmaq istərdik"

 Səudiyyə Ərəbistanının səfiri: "Azərbaycan millisi ilə dünya çempionatında qarşılaşmaq istərdik"

Haməd bin Abdullah bin Səud bin Xudeyri

Bu il Azərbaycan və Səudiyyə Ərəbistanının futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçirilə bilər.

Bu barədə “Report”a Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri məlumat verib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, idmanda da sıx əməkdaşlıq mövcuddur. Bu baxımdan səfir Səudiyyə Ərəbistanı Futbol Federasiyası ilə AFFA arasındakı əlaqələri yüksək qiymətləndirib.

O, Azərbaycan millisi ilə dünya çempionatında da qarşılaşmaq istədiklərini vurğulayıb: “Yığmanızın çıxışlarını izləyirəm. Deyə bilərəm ki, komandanız 4-5 il əvvəl daha güclü idi. Səudiyyə Ərəbistanı millisi də Asiyanın ən güclü komandalarından biridir, indiyədək 5 dəfə dünya çempionatında iştirak edib. Ümidvaram ki, sizin komanda da 2022-ci ildə Qətərdə keçiriləcək mundiala vəsiqə qazanacaq və orada biz rəqib olacağıq”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Azərbaycan milliləri indiyədək cəmi bir dəfə qarşılaşıblar. 2003-cü il dekabrın 20-də Ər-Riyadda təşkil olunmuş yoldaşlıq görüşündə meydan sahibləri qələbə qazanıb – 1:0. Bu, AFFA-nın ilk və mərhum prezidenti Fuad Musayevin rəhbərliyi dövründə yığmanın son oyunu olub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir