Sahibkarların nəzərinə: POS-terminallara görə 1000-6000 manat cərimə oluna bilərsiniz

Vergilər Nazirliyi  POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtinaya görə yeni ildən ​​​​​​​nəzərdə tutulan maliyyə sanksiyaları – cərimələr  haqqında məlumat yayıb.

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə:

  • vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində,
  • təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində,
  • təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası (cərimə) tətbiq ediləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na əsasən, ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı belədir:

  • – dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);
  • – dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);
  • – rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri);
  • – hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri;
  • – vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir