Azərbaycanlıların da olduğu təxliyə təyyarəsi bir neçə saat sonra Ankaraya enəcək - YENİLƏNİR

Yeni növ koronavirus epidemiyası mərkəzindən  – Çinin Vuhan  şəhərindən Türkiyə vətəndaşlarının təxliyə əməliyyatı uğurla davam etməkdədir.

Artıq təyyarə göyərtəsində 42 nəfərlə Çindən ayrılıb və yanacaq doldurmaq üçün Monqolustanın paytaxtında aerodroma enib. Daha sonra Tükiyəyə doğru havalanıb.

Ekspedisiya heyətində olan Anadolu Agentliyinin müxbirinin təyyarədən verdiyi xəbərə görə, Çindən qaytarılan şəxslərin bədən hərarəti və orqanizmlərində oksigenin səviyyəsi ölçülüb. İlkin müayinə nəticələrinə əsasən, təxliyə olunan şəxslərdə  koronavirus əlamətləri aşkar edilməyib.

Bununla belə, Çindən gətirilənlərlə birlikdə  ora gedib-gələn bütün heyət, o cümlədən pilotlar da iki həftəlik karantində saxlanılaraq ətraf mühitdən təcrid ediləcəklər.

Xatırlada ki, dünən Türkiyə Hərbi Hava Qüvvələrinə aid xüsusi təchizatlı A400M yük təyyarəsi Çinin Vuhan şəhərinə Türkiyə vətəndaşlarının təxliyəsi üçün göndərilmişdi.

Təxliyyə olunanların arasında 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşı olduğu bildirilir.

Dünən ifadə edilən rəqəmlərlə bugünkülər arasında müəyyən fərq  mövcuddur. Əvvəl elan olunan sayla təyyarəyə 49 nəfər mindirilməli idi. Son informasiyaya görə, təxliyə edilənlərin  sayı 42-dir.

Daha dəqiq məlumat təyyarə  Türkiyəyə qayıtdıqdan sonra bəlli olacaq.

Təyyarənin təxminən bir saat sonra – Bakı vaxtı ilə axşam saat 8 radələrində Ankaraya enəcəyi gözlənilir.

20:00

Türkiyə Səhiyyə nazirinin verdiyi son məlumata görə, təxliyyəsi nəzərdə tutulan 6 nəfər son anda geri qayıtmaqdan imtina edib və Çində qalıb. 

Beləliklə, təyyarədə cəmi 42 təxliyyə olunan şəxs və 20 nəfər heyətlə birlikdə cəmi 62 nəfərin olduğu aydınlaşıb. 

Təyyarənin  təxminən 3 saat sonra Ankaraya çatacağı da dəqiqləşdirilib. 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir