ABŞ-da milyonerlər Ermənistanın və Gürcüstanın birgə əhali sayından 2 dəfə  çoxdur

Amerika Birləşmiş Ştatlarında yaşayan milyonerlərin sayı Ermənistan və Gürcüstanın birgə əhali sayından 2 dəfə  çoxdur. Milyoner  amerikalılar sayca Azərbaycan əhalisini də üstələyir. Onlar 12 milyon nəfərdirlər.

Yəni ABŞ vətəndaşlarının 12 milyon nəfərinin aktivləri 1 milyon dolları aşır.  Milyonerlər “klub”una qoşulan amerikalıların say ilbəil artmaqdadır.

Varlıların – milyonerlərin arasında kifayət qədər gənc də var. Onların 618 min nəfəri 24-38 yaşlı  gənclərdir.  Maraqlıdır ki, onların 44 faizi Kaliforniya ştatında yaşayır. Doğrudur, varlı gənclərin bir çoxu varlı ailələrin nümayəndələridir.

“Coldwell Banker Global Luxury” və “WealthEngine” şirkətləri  ABŞ milyonerləri ilə bağlı ötən ilin göstəriciləri əsasında  birgə  hesabat hazırlayıblar. Hesabata görə,  qeydə alınmış  gənclərin xalis gəliri 1 milyon dollardan çox olub.  ABŞ-da varlı gənclərin sayı artmaqda, eləcə də varlıların daha da varlanması prosesi  davam edir.

Ekspertlərin iddiasına görə,  yaxın 10 ildə  bu gənclər varidatlarını  beşqat artıracaqlar. Yaşlılardan gənclərə  qalacaq mirasın məbləği isə ümumilikdə 65 trilyon dollar olacaq.

Kaliforniyadan sonra daha çox gənc milyonerlərin yaşadığı ştat Nyu-Yorkdur. Onların  14 faizi bu ştatın sakinidir.

Lakin yaşayış yerinə görə  ən çox milyonçu Miçiqan ştatının Traverse şəhərində yaşayır.

Hesabatda diqqət çəkən bir məqam da ondan ibarətdir ki, milyonerlərin əksəriyyəti   yaşayış üçün iri şəhərləri, sənaye mərkəzlərini deyil, daha çox şəhərətrafı yerləri, ikinci dərəcəli əraziləri seçirlər.

 

Qeyd: hesabat ötən ilin sonlarında hazırlanıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir