Əli Həsənov: "Qəzetin ailə olaraq mənə yaxınlığı yalnız onun təsisçisi ilə bağlıdır"

Əgər bu gün Azərbaycan dövləti yardım ayırırsa, “Kaspi” qəzeti niyə bu yardımı almasın? Bilirsiniz ki, “Kaspi” qəzeti tarixi, ənənəsi olan və kifayət qədər də sanballı qəzetdir, oxucularına baxsanız, özəl qəzetlər sırasında seçilən qəzetdir”

Bunu keçmiş prezident köməkçisi Əli Həsənov BBC-yə telefon müsahibəsində deyib.

Qeyd edək ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi  bu il yardım alacaq qəzetlərin siyahısında “Kaspi” və “Kaspiy” qəzetlərinin adı yoxdur.

Əli Həsənov BBC News Azərbaycancaya açıqlamasında ailə üzvlərinə məxsus olan “Kaspi” və “Kaspiy” qəzetlərinin dövlət yardımından məhrum edilməsinə münasibət bildirmək istəmədiyini deyib:

Çünki bu sahədə çalışan məmur olmuşam, xüsusilə də KİV-ə Dəstək Fondunu, o yardımları edən məmur olmuşam, ona görə də buna münasibət bildirməyi məqbul hesab etmirəm”.

Xatırladaq ki, Əli Həsənov ötən ilin noyabrında ölkə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçi vəzifəsindən azad edilib.  Əli Həsənov məsələyə “münasibət bildirməyi məqbul hesab” etməsə də, mövzu ətrafında kifayət qədər əhatəli danışıb:

“Qəzetin ailə olaraq mənə yaxınlığı yalnız onun təsisçisi ilə bağlıdır, “Kaspi”nin təsisçisi xanımımdır, digərinki Kaspi təhsil mərkəzidir. Amma təsisçinin kimliyi mahiyyət təşkil eləmir. Əsas odur ki, qəzetlərin fəaliyyəti cəmiyyət tərəfindən necə qarşılanır, bu qəzetlər hansı fəaliyyətlə məşğul olur, Azərbaycan ictimaiyyəti, elitası, ziyalıları, elm-təhsil, mədəniyyət adamlar, yazarlar bu qəzetdən necə bəhrələnir, necə istifadə edir və bu qəzetin tarixi, ənənəsi, Azərbaycan dövlətinə, cəmiyyətinə lazımlılığı ilə ölçülür”.

O, sözlərinə  “Kaspi” qəzetlərinə maliyyə yardımı ayırılmamasının məntiqini anlamadığını da əlavə edib. Əli Həsənov  bunun səbəblərini qəzet kollektivinin  araşdırdığını vurğulayıb:

Biz hələ araşdıra bilməmişik, – şəxsən mənim araşdırmaq fikrim yoxdur, amma qəzetin təsisçisi, kollektivi araşdırmağa çalışır ki, hansı mərhələdə, hansı məmurun təşəbbüsü ilə və yaxud da hansı strukturda bu qərar qəbul olunub. Ona görə də onlar yardımın başında dayanan ölkə prezidentinə və birinci vitse-prezidentə müraciət ediblər”.

Onun fikrincə, qəzet kollektivinin belə bir müraciəti etməyə haqları var: “Əgər bu gün Azərbaycan dövləti pul ayırırsa, “Kaspi” qəzeti niyə bu yardımı almasın? Bilirsiniz ki, “Kaspi” qəzeti tarixi, ənənəsi olan və kifayət qədər də sanballı qəzetdir, oxucularına baxsanız, özəl qəzetlər sırasında seçilən qəzetdir”, –  Əli Həsənov deyib.

O düşünür ki, qəzet kollektivinin müraciəti ilə bağlı ölkə rəhbərliyi yalnız müsbət qərar qəbul edə bilər.

 


Mənbə: BBC

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir