Türkiyə mühəndisləri betonun keyfiyyətinə elektron nəzarət sistemi yaradıblar

Türkiyədə beton məmulatlarının keyfiyyətini müəyyənləşdirən elektron sistem mövcuddur. Tamamilə milli zəka və yerli  texnoloji sənaye imkanları ilə hazırlanmış və  təkmiləşdirilən, 2018-ci ildən Türkiyədə tətbiq olunan  Elektron Beton Müşahidə Sistemi (EBİS) son zamanlar zəlzələ aktivliyi fonunda əhəmiyyətini artırıb. Sistemə tələbat xeyli yüksəlib.

Bu sistemlə inşaatda istifadə olunan (və ya olunmuş)  betonun  keyfiyyəti yoxlanılır.

Beton istehsalı sırasında ixtiyari beton nümunəsi götürülür və  onun içərisinə elektron çip (elektron ötürücü) yerləşdirilir. Çip betonun keyfiyyəti haqqında məlumatları dərhal  mərkəzə ötürür. Beləcə, nümunəyə kənardan müdaxilə ehtimalının qarşısı alınır. Məlumat və analiz mərkəzləri – xüsusi laboratoriyaları hökumət müəyyənləşdirir.

Beton istehsalı və ya inşaatın  gedişi zamanı yoxlanılan məmulatların keyfiyyəti normalara uyğun gəlmədiyi halda istehsal, həmçinin inşaat dərhal dayandırılır.

Bundan sonra inşaatdan “karton” adı verilən təkrar nümunə götürülür və bir daha yoxlanılır. Bu testin nəticələri də keyfiyyət tələblərinə zidd olduqda o inşaat və ya aid olunan hissə tamamilə sökülür.

Beton qarışdırıcılara belə nəzarət olunur

EBİS sistemi üçün mobil və web təyinatlı  iki kompüter əməliyyat proqramı yazılıb. Sistem üçün xüsusi beton dələn cihaz-alət də yaradılıb.

Çip vasitəsilə təkcə betonun xarakteristikası haqqında məlumat deyil, eyni zamanda:

hansı tikintidə hansı (marka) betondan istifadə olunduğu, bu betonun hansı beton qarışdırıcıdan hansı gün və saatda alındığı, eləcə də ondan sınaq üçün neçə nümunə götürüldüyü, bu nümunələrin hansı laboratoriyada kim tərəfindən yoxlanıldığı haqqında  informasiya da əldə olunur”.

Hətta sistem beton tökülərkən sınaqda məsul mütəxəssislərinin iştirak edib-etmədiyini, nümunələrin müəyyən müddətlərdə və uyğun şəraitdə saxlanılıb-saxlanılmadığını “görməyə” imkan verir.

Sistemin bir üstünlüyü də daşıdığı informasiyaya kənar müdaxilənin mümkünsüz olmasıdır.

EBİS (Elektronik Beton İzleme Sistemi)  – Elektron Beton Müşahidə Sistemi  dünyada ilk dəfə Türkiyədə  tətbiq edilib. İdeya (əqli) mülkiyyət hüququ Ətraf Mühit və Şəhərsalma Nazirliyinə  aiddir.  Bu sistem üçün ilk dəfə Türkiyədə çip istehsalına da başlanılıb.

Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi sistemə xaricdən də maraq olduğunu, Türk Kiprinə və Azərbaycana icraçı ilə bağlı danışıqların aparıldığını açıqlayıb. Danışıqlar  uğurla yekunlaşdığı halda  EBİS ilk olaraq Türkiyə xaricində bu iki türk respublikasında qurulacaq.

Sistemin Özbəkistana, Qazaxıstana, Qırğızıstana və Rumıniyaya ixracı da gündəmdədir.

EBİS Özbəkistanın paytaxtı Daşkənd və ikinci böyük şəhəri Səmərqənddə ötən ilin sonunda keçirilmiş  Avrasiya İnşaat Memarlıq Mühəndisliyi və Dizayn Layihə Festivalıda  “İnnovasiyalar”  kateqoriyasında birinci yer tutub.

Qeyd edək ki, Asiya və Şərqi Avropanın İnşaat Memarlıq və Mühəndislik universitetlərinin iştirakı ilə  bu  festival-yarışmada 19 ölkədən 552 layihə təqdim olunub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir