Zamirə Hacıyevanın apelyasiya şikayəti rədd edilib

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın apelyasiya şikayəti rədd edilib.

Onun vəkilləri dekabr ayında Milli Cinayət Agentliyinin onun mülkünü müsadirə etməsi cəhdinə qarşı Apelyasiya Məhkəməsinə şikayət etmişdi.

Zamirə Hacıyeva Britaniyanın “İzaholunmaz Sərvət Sərəncamı”nın (UWO) ilk dəfə ona qarşı tətbiq olunmasının qarşısını almağa çalışırdı.

Çərşənbə günü səhəri işə baxan Apelyasiya məhkəməsinin üç hakimindən biri Lord Burnett həmçinin deyib ki, Zamirə Hacıyevanın bu qərardan şikayət etmək üçün icazə almaq barədə vəsatəti də rədd edilib.

Bu o deməkdir ki, o, bu qərardan Ali Məhkəməyə şikayət edə bilməyəcək.

Hakimlər onun iki il əvvəl “İzahedilməz Sərvət Sərəncamı”nın qanuni hədəfi olduğunu bildirib.

55 yaşlı Zamirə Hacıyeva Britaniya mediasında lüks “Harrods” mağazasında 16 milyon funt-sterlinq xərcləməsi ilə tanınır.

Xatırladaq ki, UWO-ya əsasən o, Londonun Knightsbridge ərazisində yerləşən 15 milyon funt-sterlinqlik  mülkünü və Berkshire-də təmtəraqlı qolf kursunu almaq üçün var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Zamirə Hacıyeva gəlirinin qanuni mənbəyini açıqlaya bilməsə, onun  mülkü və qolf kursu məhkəmə yolu ilə müsadirə oluna bilər.

qızıl
2018-ci ilin noyabrında Zamirə Hacıyevanın həbs qoyulmuş zinət əşyaları

Onun əri Cahangir Hacıyev  Azərbaycanda həbsxanadadır – o, bir vaxtlar idarə etdiyi dövlət bankından milyonlarla bank vəsaitini mənimsəməkdə təqsirləndirilib.

Hacıyevlər onlara qarşı bütün ittihamları rədd edirlər.  Britaniyada bu məsələ ilə bağlı Zamirə Hacıyevaya qarşı cinayət işi açılmayıb.

Lakin 2018-ci ilin noyabrında Azərbaycanın Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olaraq o həbs olunub və sonradan o, girov qarşılığında azad edilib.

O, Azərbaycana ekstradisiya edilməyəcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir