Avropa Parlamentində PKK, YPG/PYD rəhbərlərinin də iştirakı ilə kürd konfransı keçirilməsi avropalıların ikili standartlarının daha bir bariz nümunəsidir.
Xatırladaq ki, Avropa Birliyi PKK-nı terror təşkilatı olaraq tanıyıb. Buna rəğmən Avropa Parlamentinin qapıları terroristlərin üzünə sevgi ilə taybatay açılıb.
Türkiyə bunu sərt dillə qınayıb. Qardaş dövlətin prezident administrasiyasının sözçüsü İbrahim Kalın bu xüsusda deyib:
Avropa Birliyinin terror təşkilatı olaraq tanıdığı PKK-ya qapılarını açan Avropa Parlamenti terrorizmə açıq dəstək verməkdə və suç işləməkdədir.
Qırmızı bülletenlə axtarışda olan terroristlərin konfransda iştirakı terrorizmin qanuniləşdirilməsi, terrora təşviqidir. Bu biabırçılığı şiddətlə qınayırıq. Minlərlə insanı qətl etmiş əliqanlı terroristləri Avropa Parlamenti tavanı altına yığanlar onların suçuna ortaq olub. Ağlı başında olan hər kəsi bu biabırçılığa imza atan kəsləri ən şiddətli şəkildə qınamağa dəvət edirik”.
Oxşar mətnlə Türkiyə Xarici İşlər nazirliyi də Avropa Parlamentinin bu hərəkətini yazılı bəyanatla qınayıb.
Riyakarlıq
Qeyd edək ki, bu, Avropa parlamentində qeydə alınan Türkiyəyə qarşı ikinci biabırçı hadisədir. Bundan bir qədər öncə Yunanıstanın radikal nümayəndəsi parlament kürsüsündə Türkiyənin kağızdan olan bayrağını cırmışdı.
Avropa Parlamenti kürd məsələsi ilə bağlı ilk dəfə deyil ki konfrans keçirir. Əslində, bu, 16-cı konfransdır.
“Avropa Birliyi, Türkiyə, Yaxın Şərq və kürdlər” mövzusunda keçirilən son konfransda avropalı vəkillər və onların əziz terrorist qonaqları Türkiyə əleyhinə çıxış ediblər.
PKK, YPG/PYD terror təşkilatlarının rəhbər heyətinə daxil, PKK-nın Avropadakı təmsilçiləri Adəm Uzun, Rəmzi Qartal və Zübeyir Aydarın Türkiyə tərəfindən qırmızı bülletenlə axtarıldığı halda, onlar Avropa Parlamentinin damı altında Türkiyəyə qarşı ittihamlarla çıxış edib, terror təbliğatı ilə məşğul olublar.
Konfransda çıxış edən avropalı deputatlar Türkiyənin Suriyadakı fəaliyyətini qınayıblar, hətta bunu savaş suçu adlandırıblar. Onlar PKK terror təşkilatlarının Suriyanın Türkiyə ilə sərhəd bölgədə fəaliyyətini isə azadlıq hərəkatı kimi qiymətləndiriblər.
Öz təhlükəsizliyinə aid olduğu üçün Ukraynanın ərazi bütövlüyündən, beynəlxalq hüquqdan, sərhədlərin toxunulmazlığından dəm vuran Avropa Birliyi Azərbaycana və Türkiyəyə gəlincə nədənsə başqa “dəyərlərdən” danışır, “üç meymun”u oynayırlar.
Suriyanı faktiki bölüb, orada lövbər salaraq ölkənin sərvətlərini sümürən, xalqına min-bir faciə yaşadan Amerika, Avropa güclərini görməzdən gəlib, avropalıların Türkiyənin dövlət təhlükəsizliyi istiqamətində sərhədləri boyu zəruri cəhdlərini qınamasının tək bir adı var: qərəz. Avropanın Türkiyəyə və Azərbaycana münasibətdə terroru dəstəkləyib bəsləməsi isə düşmənçilikdir.
Unutmaq olmaz ki, oxşar siyasətlə – ermənilərin hüququndan dəm vurmaqla, konfranslar keçirməklə, erməniləri təşkilatlandırmaq, silahlandırmaq, dövlətə qarşı “üsyanlara”, terrora təşviqlə 19-cu əsrin ortalarından başlayaraq “erməni məsələsi” qaldırılıb və 150 ildə bugünkü hala gətirilib.