“Azəri-Çıraq-Günəşli”dəki neft hasilatına dair hesabat olub

 AÇG-nin ötən il xərcləri artıb

2019-cu ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 535 min barel və ya ümumilikdə 195 mln. bareldən artıq, yəni 26 mln. ton neft hasilatı olub.

Bu haqda yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin 2019-cu il üzrə biznes əməliyyatları ilə bağlı hesabatında qeyd edilib.

2019-cu ildə AÇG-dən hasilatın həcmi 2018-ci ildəkindən 8,45% azdır.

Bildirilib ki, ötən il AÇG-də stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

2019-cu ildə “Çıraq” platformasından gündəlik 41 min barel, “Mərkəzi Azəri” platformasından 134 min barel, “Qərbi Azəri” platformasından 121 min barel, “Şərqi Azəri” platformasından 89 min barel, “Dərinsulu Günəşli” platformasından 96 min barel və “Qərbi Çıraq” platformasından 54 min barel neft hasil edilib.

İlin sonunda AÇG-də ümumilikdə 125 neft hasilat quyusu və 46 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

İl ərzində AÇG-də 10 neft hasilat quyusu və bir su injektor quyusu qazılıb.

2019-cu il ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 567 mln. dollar əməliyyat məsrəfləri və 1,476 mlrd. dollara yaxın əsaslı məsrəflər xərclənib. Ötən il əməliyyat xərcləri əvvəlki ildəkindən 12%, əsaslı xərclər isə 28% çox olub.

Xatırladaq ki, ilkin olaraq AÇG üzrə hasilatın pay bölgüsü haqqında saziş (HPBS) 20 sentyabr 1994-cü il tarixində imzalanıb. 2017-ci ildə AÇG üzrə HPBS-in müddəti 2049-cu ilin sonunadək uzadılıb. İlk neft 7 noyabr 1997-ci il tarixində “Çıraq” yatağından hasil edilib.

AÇG yatağında hazırda səkkiz dəniz platforması mövcuddur. Bunlardan altısı hasilat platforması, ikisi isə emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat platformasıdır. AÇG yatağının növbəti işlənmə layihəsi olan “Mərkəzi-Şərqi Azəri” layihəsi hazırda icra mərhələsindədir və burada ilk neftin 2023-cu ildə hasil olunacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir