İlham Əliyev: "Heç bir kənar qüvvə nə Türkiyəyə, nə Azərbaycana təsir edə bilməz"

Prezident İlham Əliyev: Heç bir kənar qüvvə nə Türkiyəyə, nə Azərbaycana təsir edə bilməz

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıdadır. O, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin paytaxtımızda keçiriləcək iclasında iştirak edəcək. Ölkə başçısı İlham Əliyev M.Çavuşoğlu ilə görüş zamanı bildirib:

“Xoş gəlmisiniz, hörmətli Mövlud bəy. Sizi yenidən görməyimə çox şadam. Sabah Bakıda Xarici İşlər nazirləri səviyyəsində çox önəmli toplantı keçiriləcək. Bu, Zirvə Görüşündən sonra Xarici İşlər nazirlərinin Bakıda keçirilən birinci toplantısıdır. Bildiyiniz kimi, keçən ildən başlayaraq Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb. Biz çalışacağıq ki, bir il ərzində bu təşkilatın sədri kimi bütün üzv ölkələrin dəstəyi ilə fəal iş görək və bu ölkələr arasındakı əməkdaşlığı, dostluğu, qardaşlığı daha da möhkəmləndirək. Eyni zamanda, sizin səfəriniz yaxşı fürsətdir ki, biz ikitərəfli məsələləri bir daha müzakirə edək. Biz sizinlə bu yaxınlarda Davosda da görüşdük. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Yaxın gələcəkdə Bakıda Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək və hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan bizim qonağımız olacaq.

Fürsətdən istifadə edərək bu yaxınlarda Çindən Azərbaycan vətəndaşlarını təxliyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Bu, Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. Siz Azərbaycan vətəndaşlarına öz vətəndaşlarınız kimi münasibət göstərdiniz və göndərilən təyyarəyə onları mindirib sağ-salamat Türkiyəyə – onların doğma vətəninə gətirdiniz. Əlbəttə ki, Azərbaycanda bu addım, bu hərəkət çox yüksək qiymətləndirilir.

Siz Avropa Şurasında böyük vəzifəyə seçilmişdiniz, Avropa Şurası Parlament Assambleyasının prezidenti olmusunuz. Sizin dövrünüzdə bu təşkilatda ədalətli mövqe sərgilənirdi. Siz imkan vermirdiniz ki, bu təşkilat kiminsə əlində alətə çevrilsin. Siz çox dəyərli və müstəqil insan kimi bütün təzyiqlərə davam gətirirdiniz və müstəqil siyasət aparırdınız. Ona görə o dövrdə Avropa Şurası elə bil ki, öz əsl simasını bərpa edirdi. Ancaq bu gün bu təşkilat əfsuslar olsun, bir daha demək istəyirəm ki, heç bir nüfuza malik deyil, onların qəbul etdiyi qərarlar bizim üçün tamamilə əhəmiyyətsizdir. Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik.

Bizim işimiz isə haqq işidir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və biz huna çox sevinirik. Türkiyənin bütün uğurları bizim üçün də çox əhəmiyyətlidir, bizə ruh verir. Biz birlikdə böyük işlər görmüşük və həmişə haqqın, ədalətin yanında olmuşuq. Əminəm ki, bundan sonra da belə olacaq. Heç bir kənar qüvvə nə Türkiyəyə, nə Azərbaycana təsir edə bilməz. Biz iki qardaş ölkə kimi bundan sonra da dostluq, qardaşlıq, müstəqillik yolu ilə gedəcəyik. Bir daha xoş gəlmisiniz”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir