Premyer Liqanın mərkəzi matçında "Qarabağ" "Neftçi"ni qəbul edəcək

Premyer Liqanın mərkəzi matçında "Qarabağ" "Neftçi"ni qəbul edəcək

 

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.

“Apasport”un  məlumatına görə, turun oyunları iki gün ərzində keçiriləcək.

Parlament seçkiləri ilə əlaqədar fevralın 8-9-da keçirilməli  matçlar bir gün tez təşkil olunacaq.

İlk oyun günündə hər iki matç Bakıda oynanılacaq. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Sabah”la “Qəbələ” paytaxt təmsilçisinin meydanında üz-üzə gələcək. Jelko Sopiçin baş məşqçi təyin olunmasından sonra xala həsrət qalan bakılılar ev oyununda sindromu qırmağa çalışacaqlar. “Qəbələ” də mövsümün ikinci yarısındakı ilk xalını səfərdə bayram etmək əzmindədir.

Günə “ASK Arena”da yekun vurulacaq. Mövsümdə ilk dəfə ev qarşılaşmasını doğma arenada keçirəcək “Keşlə” çempionatın autsayderi “Səbail”i qəbul edəcək. Son qələbəsini nə vaxt qazandığını unudan qonaqlar qalib gəlməklə 8-ci pilləni tərk etmək üçün mübarizə aparacaqlar. “Keşlə” isə 2-ci pillədəki mövqeyini qorumaq niyyətini gerçəkləşdirmək istəyirsə, turu itkisiz keçməlidir.

Çempionatın digər iddialıları ertəsi gün meydana çıxacaq. 2020-ci ildə ilk ev oyununda qüvvəsini sınayacaq “Sumqayıt” “Zirə”ni qəbul edəcək. 4-cü pilləni qaytarmaq üçün meydan sahibləri turnir cədvəlindəki qonşusuna qalib gəlməlidir. Paytaxt təmsilçisi isə qələbə seriyasını davam etdirməklə “üçlüy”ə yaxınlaşacaq.

Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. Son illərin dəyişməz çempionu “Qarabağ” Azərbaycanın ən titullu klubu “Neftçi”ni qəbul edəcək.

Hazırda 3-cü pillədə qərarlaşan paytaxt təmsilçisi liderlə xal fərqini azaltmaq üçün qalib gəlməyə borcludur. Ağdam klubu isə əsas rəqibi ilə fərqi qorumaq baxımından heç-heçəylə də kifayətlənə bilər.

2020-ci ilə xal itkisi ilə başlayan “Neftçi” Füzuli Məmmədovun rəhbərliyi altında ikinci qarşılaşmada da xal itirsə, klub rəhbərliyi Roberto Bordini göndərməyinin təəssüfünü yaşayacaq. Ağdam klubunun qələbəsi “ağ-qaralar” üçün çempionluq mübarizəsindən kənar düşməsi anlamına gələcək.

Azərbaycan Premyer Liqası
XVI tur
7 fevral (cümə)

“Sabah” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli
“Bank Respublika Arena”, 19:00

“Keşlə” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı
“ASK Arena”, 21:00

8 fevral (şənbə)
“Sumqayıt” – “Zirə”

Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov
“Kapital Bank Arena”, 17:30

“Qarabağ” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika stadionu, 20:00

1Qarabağ15104125-734
2Keşlə1575320-1326
3Neftçi1575323-1226
4Zirə1555520-2220
5Sumqayıt1554619-2119
6Sabah1534814-2013
7Qəbələ1534815-2613
8Səbail1533910-2512

Bombardirlər: Lorenzo Frutos (“Keşlə”), Peyman Babayi (“Sumqayıt”), Stiven Monroz (“Neftçi”) – 6 qol.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir