Kanadalı vəkillər İrana qarşı 1,1 milyard dollarlıq iddia qaldırıblar

Kanadadan olan bir qrup vəkil ölkələrinin məhkəmələrində cinayət işi açaraq  İranın vurduğu Ukrayna sərnişin təyyarəsinin qurbanlarına İran tərəfindən 1 milyard 100 milyon ABŞ dolları kompensasiya ödənilməsini tələb ediblər.

“Röyters” agentliyinin  yaydığı məlumatına əsasən, təyyarə qurbanlarının ailə üzvlərinin hüquqlarını müdafiə edən kanadalı vəkillər  Ukraynanın sərnişin təyyarəsinin vurulmasını terrorçu addım adlandırıb, təyyarənin  qəsdən vurulduğunu bildiriblər.

İran rejiminə qarşı əsas şikayətçinin təhlükəsizlik səbəbindən adını açıqlamayan kanadalı vəkillərin bildirdiyinə görə,  açılan cinayət işində İranın dini lideri axund Əli Xamneyi, “Sepah”ın hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə və İranın bir sıra digər rəsmiləri əsas cavabdehlər  kimi tanınırlar.

Bildirilir ki, “Sepah” və İran rəhbərlərinə qarşı cinayət işi məşhur kanadalı vəkil Mark Arnoldun təşəbbüsü ilə açılıb və bu işin aparılmasında digər kanadalı vəkillər də onunla əməkdaşlıq edir.

Xatırladaq ki, yanvarın 8-i sübh tezdən, saat 06:00-da Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsi göyə qalxdıqdan bir neçə dəqiqə sonra Pərənd şəhərciyi yaxınlığında “Sepah”ın atdığı 2 raketlə vurulub.  Rəsmi Tehran təyyarənin vurulduğunu üç gün gizlədib onun texniki nasazlıq üzündən qəzaya uğradığını bildirsə də,   videolar  yayımlanandan sonra təyyarənin “Sepah” raketləri ilə vurulduğunu etiraf edib.

Hadisə nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti də daxil  176 nəfər həyatını itirib. Onların 57  nəfəri Kanada vətəndaşı olub.

 


Mənbə: GünazTv

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir