Qazaxıstanda yaşayış məntəqəsinə kütləvi basqın olub: ölən və yaralananlar var (VİDEO)

Qazaxıstanda baş vermiş və “kütləvi dava” kimi ictimaiyyətə təqdim olunan münaqişə  nəticəsində ən azı 8 nəfər həyatını itirib, onlarla insan müxtəlif dərəcəli  bədən xəsarəti alıb.

Hadisə yerindən verilən məlumata görə, insident  Qazaxıstanın  Korday rayonunun Masançi kəndində qeydə alınıb.

Bu (qəsəbə tipli) kənddə Çin dilində danışan müsəlman icması yaşayır. Onlar dunqan adlanır.

Qazaxıstan Daxili İşlər Nazirliyinin iddiasına görə, qonşu kənddə polislər dövlət nömrə nişanı standartlara uyğun olmayan  bir avtomobili saxlayıblar.   Sənədləri yoxlanılarkən sürücünün başqa inzibati xətalarının da olduğu aşkarlanıb və polislər onu  idarəyə aparmaq istəyiblər. Sürücü etiraz edərək maşınla qaçmaq istəyib və qaçıb. Onun bu hərəkəti polisləri daha da şübhələndirib.  Maşını təqib edən polis avtomaşını saxlamağa müvəffəq olmayıb. Sürücü kəndə gələrək öz evinin önündə dayanıb. Bundan sonra sürücünün qohumları ilə polislər arasında qarşıdurma yaşanıb, polislərə bədən xəsarəti yetirilib, xidməti avtomobil daşlanıb. Buna rəğmən polislər hücum edənlərdən iki nəfərini tutub müvəqqəti saxlama təcridxanasına salıblar.

Bundan sonra Masançi kəndinə doğru bir qrup insan yollanıb. Sosial şəbəkələrdə bu qrupla kənd sakinləri arasında etnik zəmində toqquşma baş verdiyi haqqında xəbərlər yayılıb. Məhz bundan sonra polis hadisəyə münasibət bildirərək bunun sakinlər arasında kütləvi dava olduğunu açıqlayıb.

Hadisə barədə Qazaxıstanın Prezidenti Qasım Comərd Tokayev “Twitter” səhifəsində yazaraq xuliqanlıq zəminində kütləvi dava düşdüyünü, bundan da təxribatçıların yararlanmaq istədiyini bildirib. Eyni zamanda asayişin bərpa olunduğunu qeyd edib.

Bununla belə, dünən Qazaxıstan Dunqan Assosiasiyasının sədri Hüseyn Daurov  bəyan edib ki, əksinə, vəziyyət daha da kəskinləşib və kənddə atəş səsləri eşidilir.  Onun dediyinə görə, kəndə basqın edən qrup 10-dan çox evi yandırıb və insanları döyür, onlara  atəş açır.

Dünən axşam o növbəti məlumatında özünün də döyüldüyünü və vəziyyətin nəzarətdən çıxdığını, bütün Masançi kəndinin od içində olduğunu  yazıb.

Yalnız bu gün Qazaxıstan Prezidenti  insidentin ciddi olduğunu etiraf edib. Hadisənin tədqiqi üçün dövlət komissiyası yaradılıb.

Daxili İşlər Nazirliyinin açıqladığı məlumata görə,  bir qrup kəndə basqın edəndən sonra sosial şəbəkələr üzərindən çağırışla yaşayış məntəqəsinə daha 300 nəfərə yaxın şəxs gəlib.

Nazirliyin ilkin hesablamalarına görə, hücuma məruz qalmış kənddə 30-dan çox ev, 15 ticarət obyekti və 23 avtomobil zərər görüb.

Yaralılardan bir neçə nəfərin vəziyyəti ağırdır. Bu səbəbdən həyatını itirənlərin sayının 11-ə çıxacağı ehtimal olunur. Həlak olanların  əksəriyyəti  Masançi və Bular kəndlərinin sakinləridir.

Müstəqil mənbələr hadisənin miqyasının və itkilərin rəsmi orqanlar tərəfindən kiçildildiyini, xüsusi təyinatlı polis dəstələrinin hadisə yerinə gec göndərildiyini, eyni zamanda münaqişənin etnik zəmində baş verdiyini   iddia edirlər.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir