Azərbaycan karateçiləri Avropa çempionatında 8 medal qazandı

 Azərbaycan karateçiləri Avropa çempionatında 8 medal qazandı

Azərbaycan karateçiləri Macarıstanda Yeniyetmə və Gənclərin növbəti Avropa çempionatını 8 medalla sona vurublar.

Azərbaycan Milli Karate Federasiyasının Mediavə İctimaiyyətlə İşlər katibinin “Report”a verdiyi məlumata görə:

Mötəbər yarışın son günü daha 2 bürünc mükafata sahib olan milli komanda ötən illərki statistik göstəricilərini yeniləyərək rekord nəticə qazanıb. 18-21 yaşlı gənclər arasında üçüncü yeri tutan Fidan Teymurova (-50 kq) və Mədinə Sadıqova (-55 kq, hər iksinin şəxsi məşqçisi Seymur Xudaverdiyev) bürünc medalların sayını üçə çatdırıblar”.

Xatırladaq ki, çempionatın əvvəlki günlərində 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq, şəxsi məşqçisi Rəşad Hüseynov), Fərid Ağayev (-76 kq, şəxsi məşqçisi Namiq Priverdiyev) və Osman Osmanlının (+76 kq, şəxsi məşqçisi Rövşən Allahverdiyev) Avropa çempionluğu, Ayla Rzazadənin (-59 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) gümüş medalaƏminağa Quliyevin (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) isə bürünc mükafata sahib olması, həmçinin bir gün əvvəl 14-15 yaşlı yeniyetmələrdə Fərid Savadovun (-57 kq) birinci yerə çıxması ötən rekordları yeniləyib.

Yeniyetmə və gənclər seçmə komandasının baş məşqçisi Anar Allahverdiyev və kişilərdən ibarət milli komandanın böyük məşqçisi Şahin Xudaverdiyevin rəhbərliyi ilə Avropa çempionatında çıxış edən Azərbaycan karateçiləri 4 qızıl, 1 gümüş və 3 bürünc medalla 52 ölkə arasında 3-cü pilləni tutaraq, bu yaş qruplarının tarixində ən yüksək nəticə göstərib”.

52 ölkədən 1155 idmançının qatıldığı Yeniyetmə və Gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatını idarə edən hakimlər arasında beynəlxalq referilər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov fərqlənən idmançıları mükafatlandırma mərasimində iştirak edib. Beynəlxalq karate mütəxəssisləri və EKF rəsmiləri Azərbaycan karateçilərinin çıxışlarını yüksək dəyərləndiriblər. Yeniyetmə və gənclərin növbəti Avropa çempionatı Polşada keçiriləcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir