Erkin Qədirli: "Halal səsimlə qalib gəlmişəm, buna görə də mandatdan imtina etməyəcəyəm"

Parlament seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd və MSK-nın ilkin hesablamalarına görə hazırda lider olan “REAL” təmçilçisi  Erkin Qədirli nəticələri dəyərləndirib. 

E.Qədirli bildirib ki, 16 saylı dairədə  ciddi seçki pozuntusu qeydə almayıblar:

Bütün məntəqələri gəzdik, seçki yaxşı keçdi, inzibati müdaxilə, karusel olmadı. Qutuya topa bülleten atılma halı olmadı”.

Bununla belə, E. Qədirli  5 məntəqədə bəzi problemlərlə üzləşdiklərindən bəhs edib:

Protokolları vermək istəmirdilər. Cəmi 4 məntəqədə mən uduzmuşam. Seçicilərin sayı elan olunanlardan az idi.

İki məntəqədə mən cəmi 19 səslə qalib gəlmişəm, o məntəqəyə 49 seçici gəlib. Orada protokolu bizə vermək istəmirdilər. Biz udmuşuq, lakin mənə yığdığımız səsdən daha artıq yazıblar”.

“REAL” təmsilçisi  artıq səslərlə əlaqədar  MSK-ya şikayət edəcəklərini söyləyib:

Dairədə rəqəmlərdə şişirtmələr olub. Mənə qazandığımdan da artıq səs yazıblar. Amma bu şişirdilmiş rəqəmləri hesablamasaq belə, mən yenə də qalib gəlmişəm. Lakin müşahidəçilərimizdən qeydlər götürmüşəm, mənə artıq səslərin yazılması ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət edəcəyəm. Bizim dairəmizdə 5 məntəqənin nəticələrinin ləğv edilməsini istəyəcəyik.

Mən deputat mandatından imtina etmək məsələsi ilə bağlı İlqar Məmmədovla və digər dostlarla, müşahidəçilərlə məsləhətləşdim. Bugünə kimi çox vəzifələrdən imtina etmişəm. Amma bu dəfə halal səsimlə qalib gəlmişəm, buna görə də mandatdan imtina etməyəcəyəm. Mən parlamentə gedirəm”.

Erkin Qədirli  hakimiyyətin onu parlamentdə görmək istədiyni bildirib və bu xüsusda deyib:

Bəlkə də buna görə həmin dairədən güclü namizəd irəli çıxarmadılar. Amma mən heç bir pərdəarxası görüşdə, anlaşmada iştirak etməmişəm”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir